S-400 raketlərinin müzakirəsi gərginliyi artıracaq
Əgər Ərdoğan-Putin görüşü iflasa uğrayarsa, Ankara yenidən üzünü Vaşinqtona çevirəcək
Türkiyənin Rusiyadan S-400 sistemləri almasından narahatıq. Bu sözlər ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin yaydığı məlumatda əksini tapıb. Məlumata görə, komitə Türkiyənin Rusiya ilə yeni razılaşma imzalayacağı halda Ankaraya qarşı əlavə sanksiyalar tətbiq edəcəyini bildirib: “Biz CAATSA qanununu yazarkən aydın şəkildə ifadə etmişik ki, sanksiyalar Rusiya hərbçiləri və ya kəşfiyyat strukturları ilə bağlı istənilən böyük biznes və müəssisəyə tətbiq edilir. Türkiyənin istənilən yeni alışı yeni sanksiyalara gətirib çıxaracaq”. Məlum olduğu kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfəri çərçivəsində Soçidə həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə müxtəlif məqamlarla yanaşı, S 400 raket kompleksləri ilə bağlı müzakirələrin aparılacağı barədə məlumatlar var. Bir sıra ekspertlərin fikrincə, Rusiya-Türkiyə arasında S 400 raketlərinin müzakirəsi növbəti ABŞ-Türkiyə gərginliyinə, Ankaraya qarşı sanksiyalara səbəb ola bilər.
Politoloq Azər Rəşidoğlu isə “Şərq”ə açıqlamasında deyib ki, Türkiyə NATO üçün mühüm müttəfiqidir. Siyasi şərhçiyə görə, Türkiyənin Rusiyadan S-400 müdafiə sistemi almaq qərarı 2017-ci ilin əvvəllərindən etibarən Türkiyə-Amerika münasibətlərindəki çoxpilləli gərginliyi daha da artırıb. Gərginlik müdafiə sənayesinə də təsir edib:
“11 aprel 2017-ci ildə açıqladığı bir protokolda Türkiyə “Patriot” sisteminin satışı üçün ABŞ-ın yaşıl işıq yandırmadığını, ona görə də Rusiyadan qiyməti 2,5 milyard dollar olan S-400 antiballistik raket sistemini alacaqlarını bildirdi. Ankara və Moskva arasındakı razılaşma S-400 sistemlərinin Türkiyəyə 2019-cu ilin ortalarında gətirilməsini və lazımi hazırlıq işlərindən sonra aktivləşdirilməsini nəzərdə tuturdu. NATO-nun bir çox məsələdə gərgin münasibətdə olduğu Rusiyadan Türkiyənin müasir hava müdafiəsi sistemi alması ABŞ-da və digər müttəfiq ölkələrdə narahatlıq yaratdı. Amerika bəyan etdi ki, bu sistemlərin Türkiyədə qurulması 5-ci nəsil hərb təyyarəsi olan F-35-lərin uçuş təhlükəsizliyinə problem yaradacaq. Geri addım atılmayacağı təqdirdə Türkiyə 2001-ci ildən bəri iştirak etdiyi layihədən çıxarılacaq. Həmçinin, satın aldığı 4 ədəd F-35 təyyarəsi ona təslim edilməyəcək. Buna cavab olaraq Türkiyə iyul və avqust aylarında S-400 sistemlərinin alışını reallaşdırdı”.
A.Rəşidoğlunun fikrincə, Konqresin bütün təzyiqlərinə baxmayaraq, keçmiş prezident Donald Tramp sanksiyalara əl atmadı:
“Trampı sanksiya fikrindən daşındıran faktlardan biri Ərdoğanın 3,5 milyard dollarlıq “Patriot”ları almaqda maraqlı olduğunu deməsi oldu. Ankara-Vaşinqton münasibətlərində gərginlik davam etməkdədir. Lakin Ankaranın Rusiya ilə də problemləri mövcuddur. Suriya, xüsusən İdlib məsələsində qarşıdurma daha qabarıqdır.
Əgər Ərdoğan-Putin görüşü iflasa uğrayarsa, istənilən nəticə əldə olunmazsa, Ankara yenidən Vaşinqtonla münasibətlərini tənzimləməyə çalışacaq”.
İsmayıl Qocayev