Zatən tıxac əlindən tərpənmək olmur
Yollarda sürücülərin "COVİD" pasportu yoxlansa, vay Bakının halına
Postlarda taksi sürücülərinin “COVİD” pasportunun yoxlanacağı bu sektorda çalışanların narazılığına səbəb olub. Təkcə, onlarınmı? Sentyabrın 29-dan bütün orta və ali təhsil müəssisələrinin əyani tədrisə başlaması ilə yollarda yaranan tıxaclardan əziyyət çəkənlər hesab edirlər ki, sürücülərin “COVİD” pasportunun yoxlanması vəziyyəti daha da qəlizləşdirəcək. Tıxac olan yolda bir tərəfdən avtomobillər saxlanılır və sürücülərin “COVİD” pasportu yoxlanır. Hansı mənzərə yaranacaq, təsəvvür etmək çətin deyil.
Qeyd edək ki, bir neçə gün əvvəl Baş Dövlət Yol Polisi İdarəsi avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərə vaksinasiya ilə bağlı müraciət edib. Müraciətdə qeyd edilir ki, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əsasən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən də 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb edilir. Bu da ölkədə koronavirus pandemiyasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün başlanan genişmiqyaslı vaksinasiya prosesi ilə bağlıdır. Lakin aparılan müşahidələr nəticəsində məlum olub ki, görülən tədbirlərin fərqinə varmayan bəzi sürücülər müəyyən edilmiş qaydalara etinasız yanaşır, əhalinin sağlamlığını təhlükə altında qoyaraq peyvənd olunmadan fəaliyyət göstərirlər. Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edib ki, avtomobil yollarında, eləcə də stasionar postlarda xidmət aparan yol-patrul xidməti əməkdaşları tərəfindən seçmə üsulu ilə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan sürücülərin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatının olub-olmaması yoxlanılacaq və bu tələblərə əməl etməyən şəxslər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcək. Məsələ ilə bağlı “Şərq”ə danışan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı qeyd etdi ki, peyvənd olunmaq tələbi insanların sağlamlığı üçündür. Lakin:
- Qərarlar verilərkən vaxt, zaman, şərait nəzərə alınmalıdır. Sürücülərdən “COVİD” pasportu, immunitet sertifikatı tədris prosesi başlamadan öncə tələb edilməliydi. Deyə bilərlər ki, kütləvi vaksinasiyaya sentyabrda başlandı. Xeyr, bu, əsas deyil. Sürücülərdən, vətəndaşlarla daha sıx təmasda, ünsiyyətdə olan peşə sahiblərindən bu vaxta qədər peyvənd olunmaları tələb edilməliydi. Yoluxan yoluxub, sağalan sağalıb, yoluxduran da yoluxdurub. İctimai nəqliyyatın şənbə-bazar günləri işləməməsi onsuz da taksilərə tələbatı artırmışdı, günəmuzd işləyənlər şənbə-bazar günləri fərdi avtomobillərdən, taksi xidmətindən, kiçiktutumlu avtobuslardan istifadə edirdilər. O zaman yoxlamaq və “COVİD” pasportu tələb etmək lazım idi. İkinci tərəfdən, sentyabrın 15-dən sonra dərslərin başlanacağı ehtimalı da böyük idi. Bu da məlumdur ki, tədris prosesi bərpa olunanda yollarda hərəkət sıxlığı artır, tıxaclar yaranır. Üstəlik də payız fəslidir və hava şəraiti də bir tərəfdən yollarda hərəkət intensivliyinə mane olur. Belə vəziyyətdə bir tərəfdən də avtomobilləri saxlamaq, sürücülərin “COVİD” pasportunu yoxlamaq tıxaclara rəvac verməkdir. Yoxlasınlar, amma günün pik saatlarında, hərəkətin sıx olduğu yollarda deyil. Bunun üçün uyğun vaxt və yer seçilməlidir.
M.Zülfüqarlı qeyd etdi ki, cəzalandırmaq asandır, amma bunun xeyri az olacaq?
- Cəzalandırmağın kimə xeyri var? Protokol tərtib ediləcək, müəyyən məbləğ cərimə yazılacaq, bəs sonra? Cəzalandırmaqdansa təbliğat işləri gücləndirilməlidir. İnsan özünün düşməni deyil ki. Kim istəyər xəstələnsin, yoluxsun? Sadəcə, bu məsələni insanlara düzgün formada, təsiredici şəkildə başa salmaq lazımdır. Taksi sürücüsünü cəzalandır, xətdən kənarlaşdır, yollarda qalan camaat olacaq. Ziyanı sıravi vətəndaşlar çəkəcək.
M.Zülfüqarlı bu məsələni ictimai nəqliyyat və taksi şirkətləri ilə həll etməyin mümkün olduğunu da dedi:
- Necə ki, idarə və müəssisələrdən işçilərin azı 80 faizinin peyvənd vurdurması, ya da immunitet sertifikatına malik olması tələb edilir, eləcə də sərnişindaşımada iştirak edən şirkətlər qarşısına bu tələb qoyulmalı, əks halda şirkət rəhbərliyinin cərimə olunacağı bildirilməlidir. Belədə şirkətlər əməkdaşlarının peyvənd vurdurmasında maraqlı olacaq və onları təşviq edəcəklər. Yol polisinin də orda-burda avtomobilləri saxlayıb, “COVİD” pasportu yoxlamasına gərək qalmayacaq.
Məlahət Rzayeva