“Vaxtı ilə bir neçə dərman şirkəti Azərbaycanı tərk edib getdi. Bu gün Azərbaycan dünyanın bir çox keyfiyyətli dərmanlarını ala bilmir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu parlamentin iclasında deputat Musa Quliyev deyib.
O bildirib ki, Azərbaycan Türkiyə və Gürcüstan nümunəsindən istifadə edib, dərmanlarla bağlı qeydiyyatda tanınmanı tətbiq etməlidir.
Millət vəkili onu da əlavə edib ki, Türkiyədə dərmanlara əlçatanlılıq asandır.
“Buna görə təklif edirəm ki, Türkiyədə qeydiyyatdan keçmiş dərmanlar Azərbaycana gətirilsin və onların qeydiyyatı tanınsın. Onlar həm də keyfiyyətlidir”, - deyə M.Quliyev əlavə edib.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə M.Quliyevin fikrinə etiraz edib.
“Şübhəsiz ki, ölkədə dərman çatışmazlığı var. Ancaq mən Musa müəllimin fikri ilə razı deyiləm. Hər hansı ölkədə qeydiyyatdan keçmiş dərman preparatlarının qeyd-şərtsiz, icazəsiz Azərbaycana gətirilməsi problem yaradar. Hər ölkənin öz dərman siyasəti var. Dərmanlar mütləq yoxlanılmalıdır, o, hansı ölkədə istehsal olunmasından asılı olmayaraq. Heç bir şərt olmadan dərmanların ölkəyə gətirilməsi təhlükə yaradar”, - deyə Ə.Əmiraslanov bildirib.