Deputatın təklifi dəstəkləndi:“Dövlətçilik baxımından faydalıdır”


Tural Abbaslı:“Hər halda qanun layihəsi hazırlansa, daha konkret fikir bildirmək olar”


Bu gün Parlamentin iclasında deputat Ziyafət Əsgərov maraqlı təkliflə çıxış edib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda siyasi vəzifələr haqqında qanun qəbul edilməlidir:“Dövlət qulluğu haqqında” qanun var, lakin orada göstərilmir ki, siyasi vəzifə daşıyanlar kimlərdir”.
O, daha sonra deyib ki, biz hələ də bilmirik konkret kimlər, komitə sədri və ya nazir - hansı siyasi vəzifə daşıyır.

Məlum təkliflə bağlı “Sherg.az”a açıqlama verən AĞ Partiya başqanı Tural Abbaslı təəssüflə qeyd edib ki, ölkəmizdəki müxalifət və yaxud partiyalar haqqında qanun yoxdur deyə kimlərə müxalifət deyildiyi bilinmir:

“Eyni zamanda müxalifətin və iqtidarın kim olduğu, hansı hüquqlara malik olduğu ilə bağlı da heç bir normal aktlar və qanunlar yoxdur. Deputatın təklifi normaldır. Lakin səhv etmirəmsə, Ziyafət Əsgərov 20 ildir ki, parlamentdədir. Bu qədər ildən sonra onun belə qanunun qəbuluna dair təklifi yadına salmasına sevindim.

Siyasi vəzifələrlə bağlı təcrübəsi olan dövlətlərin nümunələrindən istifadə etmək olar. Mental dəyərlər, xarakter və siyasi quruluş baxımdan Türkiyəni örnək götürə bilərik. 

Bütün bunlar qardaş ölkədə çoxdan təsbitlənib. Lakin bizdəki sistem şəxsiyyətlər əsasında formalaşır. 

Məsələn, nazir dünyasını dəyişir deyə həmin nazirlik ləğv olunur. Lakin şəxslər yox sistem olmalıdır və həmin şəxslər sistemin tərkibində yer almalıdır. 

Dövlətçilik baxımından faydalı təklifdir, hər halda qanun layihəsi hazırlansa, daha konkret fikir bildirmək olar”.

Yeganə Bayramova