Arzular çin oldu

"Qarabağın hava qapısı" artıq dünyaya açılır

Füzuli Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur


"Bu ilin may ayında Füzuli Hava Limanının inşaatı ilə tanış olan zaman çoxlarımıza sentyabrda limanın artıq təyyarələri qəbul edəcəyi bəlkə də arzu kimi görünürdü. Artıq Beynəlxalq Hava Limanında tamamlanma işləri aparılır”. 

Bunu iqtisadçı-deputat Vüqar Bayramov Füzuli Beynəlxalq Hava Limanında aparılan tamamlama işləri haqda danışarkən deyib. Millət vəkili qeyd edib ki, cəmi 9 ay ərzində Füzuli Hava Limanı inşa edildi və artıq uçuşları qəbul edə bilir: "Füzuli Aeroportu dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı "Qarabağın hava qapısı” elan olunub. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın, digər bölgələrimizin, eyni zamanda daha geniş anlamda dünya ilə əlaqələrinin daha da genişləndirilməsinə imkan verəcək. Bu, Qarabağımızın Azərbaycan iqtisadi reinteqrasiya baxımından vacibdir. İşğaldan azad olunan ərazilərimiz bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu, əlavə 5 milyard manatdan artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək”.

Aynurə