"İran rejimi ölkələrimizə qarşı təxribatla məşğuldur"
Arye Qut: "Bu ölkə Azərbaycanla İsrailin münasibətlərinə zərər vura bilməz"
“İran uzun illərdir Azərbaycana qarşı siyasət yeridir və bu siyasət özünü Ermənistan-İran strateji əlaqələrində daha qabarıq göstərir”. Bu barədə “Şərq”ə “İsraildə Azərbaycan evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, siyasi icmalçı Arye Qut deyib. Ekspert bildirib ki, müsəlman ölkəsi olan İran İkinci Qarabağ müharibəsi zamanı Ermənistan adlı dövlətə silah-sursat, benzin, ərzaq göndərib: “Bunun özü Azərbaycana vurulan böyük zərbədir. Əslində İranın Ermənistana dəstəyi yeni hadisə deyil və illərdir davam edir. Dövlət başçısı İlham Əliyev də vurğuladı ki, bizim dronlarımız, kameralarımız İranın bütün addımlarını, qanunsuz yük daşımalarını qeydə alıblar. Yəni kimin kim olduğu hamıya bəllidir. Fakt odur ki, ötən 30 il ərzində İran tərəfi sərhədlərimiz yaxınlığında heç bir hərbi təlim keçirməyib. İndi geo-siyasətlə bağlı maraqlı situasiya yaranıb. Azərbaycan Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi çalışmalar həyata keçirir. Həmçinin, bütün regional ölkələri bölgədə birgə əməkdaşlığa səsləyir. İran tərəfi açıq-aşkar hərbi təlimlər keçirməklə Azərbaycana güc göstərmək istəyir. Amma Tehran başa düşmür ki, Azərbaycan 1990-cı illərin ölkəsi deyil. Bu gün Azərbaycan öz geosiyasəti və geoiqtisadiyyatı olan bir dövlətdir. Cənubi Qafqazda Azərbaycansız heç bir proyekti həyata keçirmək mümkün deyil”.
Arye Qut vurğulayıb ki, İranın istəyindən asılı olmayaraq, İsrail-Azərbaycan əlaqələri hər zaman ən yüksək səviyyədə olub:
“Azərbaycanla İsrail arasında çox gözəl hərbi-siyasi, diplomatik və iqtisadi əlaqələr mövcuddur. İran rejimi iki dost ölkənin münasibətlərinə zərər vura bilməz. Azərbaycan İsrail üçün strateji əhəmiyyətə malik ölkədir. İsraildə yaşayan 80 minlik azərbaycanlılar və Azərbaycanda yaşayan 25-30 minlik yəhudi diasporası iki ölkənin əməkdaşlığına hər zaman dəstək ifadə ediblər. Azərbaycan diasporası olaraq həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönündə ciddi səy göstəririk. Bugünlərdə İsrailin ən böyük qəzeti olan “İsrail HaYom” mətbu orqanında Azərbaycan-İsrail münasibətləri, Qarabağ müharibəsindəki möhtəşəm qələbəmiz, Anım günü ilə bağlı ardıcıl məqalələr dərc olundu. İran isə hər iki ölkəyə qarşı provokasiya ilə məşğuldur. Biz prosesləri izləyirik və əldə etdiyimiz informasiyalarla bağlı lazımi qurumları məlumatlandırırıq. İndi İran tərəfi daha bir təxribata əl atıb. Azərbaycanın nə qədər multikultural, tolerant ölkə olduğunu dünya ictimaiyyəti yaxşı bilir. Biz də diaspora olaraq bu reallığı dünyaya yaymaqla məşğuluq. Qırmızı qəsəbə Azərbaycanın fəxarətidir. Azərbaycan-yəhudi harmoniyası bir çox ölkələr üçün nümunə olmalıdır. Bu gün İranda 35 milyon azərbaycanlının hüquqları tapdanır, öz dil və mədəniyyətlərinin inkişaf etdirilməsinə imkan verilmir. Amma biz İsraildə rahat yaşayırıq, Azərbaycanın bayrağını qaldırırıq, yürüşlər keçiririk, paytaxtın əsas küçələrində dəstək aksiyaları təşkil edirik. İran Azərbaycanın güclü və müstəqil olmasından ciddi narahatlıq duyur. Ona görə də erməni daşnaklarına hərtərəfli dəstək verir. Tehran hökuməti iddia edir ki, guya, dünyanın hər yerində müsəlmanlara yardım edir. Bəs 600 kilometrlik sərhədə sahib olan qonşu Azərbaycana niyə dəstək vermir?!”.
Diaspor təşkilatının rəhbəri bəyan edib ki, torpaqlarımız işğal altda qalanda İran heç bir addım atmadı, ancaq indi cənub sərhədimizdə hərbi təlimlər keçirir: “İran bilməlidir ki, İsrail Azərbaycanın dostudur. Hansısa təxribat xarakterli addımlara görə, iki ölkənin sıx əməkdaşlığına, yaxın münasibətlərinə zərər yetirmək mümkün deyil. “İsraildə Azərbaycan Evi” diaspora təşkilatı olaraq İkinci Qarabağ mühariəsi zamanı İsrailin nüfuzlu media qurumlarında 20-dən artıq məqalənin dərc olunmasına nail olmuşuq. Eyni zamanda televiziya kanallarında çıxışlar etmişik. Bizim dostluğumuz, qardaşlığımız, tərəfdaşlığımız əbədidir. Hər zaman Azərbaycanın, dövlət başçısı cənab İlham Əliyevin yanında olmuşuq, onu dəstəkləmişik”.
İsmayıl Qocayev