“QMİ –nin nə üçün yaradıldığı bəlli deyil və dövlətçiliyə bir qram faydası olmadığı göz qabağındadır. Sadəcə molla yığınını bir araya gətiriblər”
“Dini Qurumlar İş üzrə Dövlət Komitəsi adıçəkilən məsələlərlə bağlı heç bir reaksiya vermir, ancaq kitab qadağan etmək və kitablara rəy vermək, dini ritualları qeydiyyatdan keçirmək kimi notarius rolunu oynayır”
“Düşünürəm ki, bu məsələ qanunla tənzimlənməli, icra mexanzimləri müəyyənləşdirilib həyata keçirilməlidir”
Parlamentin dünənki iclasında millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycanda İranın casus şəbəkəsi fəaliyyət göstərir. Onun sözlərinə görə, bu, həm də səhiyyədə, təhsildə olan problemlərin, bəzi məmurların səriştəsizliyinin nəticəsidir:
“Təklif edirəm ki, Azərbaycanda din adı altında siyasət yürüdənlərlə bağlı qanunlara müddəalar əlavə edilsin”.
Deputat qeyd edib ki, bəziləri çadra altına girərək Azərbaycana qarşı fəaliyyət göstərirlər.
Təkliflə bağlı “Sherg.az”a danışan ilahiyyatçı-alim Elşad Miri vurğulayıb ki, Azərbaycanın haqlı davasında-Qarabağ münaqişəsində kimin həqiqi mənada qardaş, kimin dost, kimin qonşu, kimin düşmən olduğunu gördük:
“Təəssüf ki, adında İslam olan bir ölkənin mövqeyi müsəlman qardaşları dediklərinə qarşı heç də birmənalı deyildi. Tam əksinə sanki başqalarının göstərə biləcəyi yad münasibətin şahidi oluruq. Ona görə də Fazil bəyin dediklərində böyük həqiqət var. Çünki Fazil bəy qum saatı ilə işləyənlərə qarşı Milli Məclisdə cəbhə açan nadir millət vəkilərindən biri, hətta birincisidir. Digər deputatların bu şəkildə reaksiyasını görə bilmirik. Bir məqamı nəzərə almaq lazımdır ki, bütün təbliğatlar qanunla aparılmalı, ancaq bunun icra mexzanimzləri də hərəkətə keçirilməlidir”.
E.Miri qeyd edib ki, Azərbaycanda ən böyük dini mərkəz olan Qafqaz Müsəlmanlar İdarəsinin sədri (QMİ) İranın dini liderini özünə elmi rəhbər hesab edir:
“Bu baxımdan təbii ki, həmin qurumun tabeliyində olan dindarlar İranın sözü ilə hərəkət edəcəklər. Məsələ ilə bağlı ciddi müzakirələr aparılmalı, mövzu gündəmdən çıxarılmamalı, indiyə qədər “ağzına su alıb oturan Dini Qurumlar İş üzrə Dövlət Komitəsi Nizamnaməsinə dəyişikliklər etməlidir. Həqiqətən bu işi bilənlər fəaliyyət göstərməlidir. Komitə adıçəkilən məsələlərlə bağlı heç bir reaksiya vermir, ancaq kitab qadağan etmək və kitablara rəy vermək, dini ritualları qeydiyyatdan keçirmək kimi notarius rolunu oynayır. QMİ isə ümumiyyətlə ləğv edilməlidir. Çünki bu qurumun nə üçün yaradıldığı bəlli deyil və dövlətçiliyə bir qram faydası olmadığı göz qabağındadır.
Sadəcə molla yığınını bir araya gətiriblər. Düşünürəm ki, bu məsələ qanunla tənzimlənməli, icra mexanzimləri müəyyənləşdirilib həyata keçirilməlidir”.