Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan çexiyalı həmkarı Yakub Kulhanek ilə keçirilən birgə mətbuat konfransında Ermənistana sərt mesaj verib. Nazir qeyd edib ki, Ermənistan öz seçimini etməlidir.
C.Bayramovun sözlərinə görə, 30 il ərzində Azərbaycan və Ermənistan sərhədində delimitasiya və demarkasiya reallaşmayıb. Bunun da əsas səbəbi Azərbaycan torpaqlarının işğal altında olması idi.
Nazir qeyd edib ki Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Sərhədlərlə bağlı məsələ normal və sivil qaydada həll olunmalı, delimitasiya prosesi həyata keçirilməlidir:
"Azərbaycan bu istiqamətdə konstruktiv olub, amma Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarını, bəhanələrini görürük. Ermənistan öz seçimini etməlidir: qonşulara qarşı ərazi iddiaları, yoxsa konstruktiv əməkdaşlıq? Azərbaycan beynəlxalq hüquq prizmasından çıxış edir. Stabil və inkişafa yönəlmiş mühit üçün bu yanaşmanın alternativi yoxdur. Ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət edilməlidir”.
Nazirin açıqlamasını “Sherg.az” şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli qeyd edib ki, eyni ritorikanı Azərbaycan Prezidenti də çıxışlarında vurğulayıb:
“Savaş başa çatıb, ancaq tərəflər diqtə olunan reallıqları qəbul etməlidirlər. O cümlədən Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Təbii ki, dövlət rəhbərliyinin müəyyən məlumatları var. Ola bilsin ki, ermənilər hansısa revanşist xarakterli addımlara əl atsınlar. Bununla bağlı prosesləri izləyirik. Digər vacib məqam odur ki, İranla bağlı yaşanan ümumi gərginliklər fonunda Ermənistanın hansısa bleflərə əl atacağı istisna deyil. Bu baxımdan zaman gedir və proseslər gecikdikcə ümumi ab-hava, o cümlədə hazırda əldə olunmuş üstünlüyə də müəyyən dərəcədə xələl gəlmə ehtimalları meydana çıxır. Ona görə proses tezliklə həllini tapmalıdır. Azərbaycan tərəfi bəyanatlar çərçivəsində münaqişəyə dair rəsmi mövqeyini tez-tez bildirir. Düşünürəm ki, proseslər qısa müddətdə sonlanmalıdır. Dövlətimiz istisna etmir ki, xoşagəlməz məqamlar olsa Ermənistanı cəzalandıracaq”.