“Onlar bu yolla “evin içərisində” olduqlarını demək istəyirlər”
“Çünki qadın yuvanı qurandır, xanımları bu prosesə cəlb etməklə Azərbaycanda hər evdə olduqlarını söyləyirlər”
“Qadınların təxribat törətməsi məişət məsələsi deyil, ciddi təhlükədən xəbər verir”
“Cənub qonşumuz siyasi şiəlik üzərindən hücumları davam etdirir, etdirəcək də”
Zaman-zaman dini tədbirlərdə, məclislərdə bir sıra şəxslərin İranın siyasi maraqlarına uyğun çıxış etdiklərini, Azərbaycan dövlətçiliyinə zidd olan ifadələrə yer verdiklərinin şahidi oluruq. Məsələn, yaxın günlərdə bir qadın Vətən müharibəsi şəhidinin məzarı başında İsrailin əleyhinə çıxış edib. Bundan əlavə Anım Günündə bənzər təxribatlar törədib, videoçəkilişlərlə yayan şəxslər Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olunaraq qanunazidd davranışlarının qarşısı alınıb.
Oxşar hallardan biri də aylar öncə Milli Qəhrəman Polad Həşimovun doğum günündə İkinci Fəxri Xiyabanda yaşanıb. Molla generalın məzarı başında dini ayrı-seçkilik edərək onu Hüseynçi kimi təqdim etməyə çalışıb. Həmin şəxsin cavabını Füzuli briqadasının komandiri Əlişir bəy verərək, Vətən uğrunda savaşarkən kimin şiə, kimin sünni olduğunu bilmədiklərini söyləyib. O, bu tip ayrı-seçkiliyin yığışdırılmasını tələb edib.
Son zamanlar isə İranın təxribatları birbaşa qadınlar vasitəsilə həyata keçirilir. Onlar dindar xanımlar vasitəsilə Azərbaycandakı təsir dairələrini genişləndirməyə çalışırlar.
Məsələni “Sherg.az”a şərh edən siyasi şərhçi Asif Nərimanlı vurğulayıb ki, tarix boyu İran Azərbaycana dini müstəvidə təsir göstərib:
“Bunun da bir səbəbi Azərbaycan xalqının əskəriyyətinin şiə təriqətinə mənsub olmasıdır. İranın şiəliyi burada dindən daha çox siyasi xarakter daşıyır. Şiəlikdən siyasi maraqları üçün istifadə edirlər. Nardaran və Gəncə hadisələrini buna misal göstərmək olar. Azərbaycanda 2015-dən bəri İranın təsirinin qarşısını almaq üçün ciddi işlər görülüb. Məsələn, Nardarandakı anti-dövlət şəbəbəkəsi dağıdılıb. Çünki həmin vaxtlar İranda islahatçılar hakimiyyəti var idi. Onların dövründə dini müdaxilələr müəyyən qədər səngidi, dini dairələrin gücü arxa plana keçdi. Azərbaycan da bundan istifadə etdi və məqsədinə nail oldu. Mühafizəkarların hakimiyyətə qayıdışı təhlükəni yenidən gündəmə gətirdi. Son hadisələr göstərdi ki, İran Azərbaycana açıq şəkildə müdaxilə edir. Siyasi şiəlik üzərindən hücumları davam etdirir, etdirəcək də”.
Ekspertin sözlərinə görə, İran Türkiyənin Azərbaycanın yanında olmasına qarşıdır. Lakin bu mövqeyinin sionizm əleyhinə olduğunu deyərək ört-basdır edir:
“Çünki həm cənubi, həm də şimali Azərbaycanda millətçi kəsim mövcuddur. Ona görə İranın Türkiyəyə qarşı mövqeyi qəbul edilməyəcək. O da sionizmi gündəmə gətirir. Burda məqsəd Azərbaycandakı dindar kəsimi İsrail təhlükəsi adı altında təşkilatlandırmaqdır.Onu da qeyd edim ki, İranın Azərbaycana dini kəsim üzərindən müdaxiləsi, ötən illərə nisbətən zəifləyib. Lakin son proseslər, təbliğatlar göstərir ki, hələ də təsir mövcuddur. Xüsusilə də qadınlar üzərindən təbliğat aparılmasına diqqət yetirməliyik. Onlar bu yolla “evin içərisində” olduqlarını demək istəyirlər. Çünki qadın yuvanı qurandır, xanımları bu prosesə cəlb etməklə Azərbaycanda hər evdə olduqlarını söyləyirlər. Qadınların təxribat törətməsi məişət məsələsi deyil, ciddi təhlükədən xəbər verir”.
“Bəs bunun qarşısını necə almaq olar?” sualına gəlincə, ekspert söyləyib ki, təhsilə önəm verməliyik:
“İranın tədris mərkəzlərində təhsil alıb Azərbaycana qayıdanlar istər-istəməz həmin düşüncədə olurlar. Bunu ləğv etmək lazımdır. Bu şiəlik təriqətinin siyasi xarakter daşıdığını, dinə deyil İrana xidmət etdiyini Azərbaycandakı dini kəsimə anladılmalıdır. Bilirsiniz ki, İslamla bağlı istənilən addımda İran Azərbaycanın Əhli-Beytə qarşı olduğunu söyləyir. Dövlətimiz bunun Əhli-Beytə qarşı olmadığını, kimsənin dini inancına toxunulmadığını göstərməlidir. Dini kəsimin, xüsusilə də onların qarşısında çıxış edən axundların, din xadimlərinin beynini təmizləməliyik”.