“...Biz buna nəzər yetirək”
“Bununla da Azərbaycan və Ermənistan başçılarının görüşündəki müzakirələr bəlli olacaq”
“Minsk qrupunun dirçəldilməsi yeni şəraitə uyğunlaşdırılmış şəkildə mümkün ola bilər. Əks halda Azərbaycan ATƏT-in “reanimasiyadan” çıxmasına imkan verməyəcək”
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Zaytsev Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə hazır olmasına dair bəyanatına münasibət bildirib. O, qeyd edib ki, Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək ciddi hazırlıq tələb edir:
“Rusiya problemli məsələlərin həllində ali və yüksək səviyyədə müntəzəm dialoqun hər zaman qarşılıqlı anlaşmaya və konstruktiv atmosferin dəstəklənməsinə kömək etdiyi qənaətindədir. Məhz Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə intensiv təmasları sayəsində Qarabağda qan tökülməsi dayandırılıb və üçtərəfli bəyanatı imzalamağa nail olunub. Başa düşürsünüz ki, bu cür yüksək səviyyəli görüşləri təşkil etmək ciddi hazırlıq tələb edir. Minsk Qrupu həmsədrlərinin regiona səfəri bu görüş üçün əlverişli şəraitin yaradılmasına kömək edəcək”.
Rusiyanın Minsk qrupunu yenidən dirçəltmək cəhdinə münasibət bildirən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a bildirib ki, bu, yalnız yeni şəraitə uyğunlaşdırılmış şəkildə mümkün ola bilər. Əks halda Azərbaycan ATƏT-in “reanimasiyadan” çıxmasına imkan verməyəcək:
“Müharibədən sonra da Minsk qrupunu proseslərdən kənarda saxlamaq üç ölkənin-Azərbaycan, Türkiyə və Rusiyanın mövqeyi idi. Görünür, Rusiya-Türkiyə tandemində danışıq və hansısa təmaslar qurmaq mümkün deyildi. Çünki təkcə bir tərəf, yəni Rusiyanın həm Ermənistan, həm də Azərbaycanla münasibətləri var idi. Türkiyənin isə müəyyən görüşləri təşkil etmək imkanı olmurdu. Digər tərəfdən hansısa format lazım idi ki, postkonflikt müddətində bəzi mövzuların hansısa formada diplomatik vasitələrlə həll olunması təmin edilsin. İstisna etmirəm ki, köhnə formatı yeni şəraitə uyğun “diriltmək” ,bəlkə də, hamının razılığı əsasında olacaq. Nə üçün yeni şərait deyirəm? Yeni şərait ondan ibarətdir ki, müharibədən qabaq Minsk qrupunun hazırladığı təkliflər təxminən “Madrid prinsipləri” kimi cəmləşib. İndiki vəziyyət isə tamamilə fərqlidir. Azərbaycan torpaqlarının azad olunmasını təmin edib. Eyni zamanda Şuşanı və Hadrutu da işğaldan qurtarıb. Bu baxımdan Azərbaycan status-kvonu ciddi şəkildə dəyişdirib”.
T.Zülfüqarov qeyd edib ki, kommunikasiyaların bərpası ilə əlaqədar Zəngəzur dəhlizinin açılması da gündəmə gəlib:
“Məlumdur ki, ermənilər təkidlə status məsələsini ortaya atırlar. Artıq Azərbaycan öz mövqeyini bəyan edib ki, bu status 20-25 min adam üçün aktual deyil. Kimsə status barədə danışırsa, Azərbaycan da məntiqi olaraq Zəngəzurda, Göyçə mahalında yaşayan azərbaycanlıların qayıdışı ilə bağlı statusu istənilən zaman gündəmə gətirə bilər. Hər halda bu mövzü artıq gündəmdədir. Ermənilər yeni status-kvo barədə eşidib hansısa təkliflər verə bilərlər. Bu baxımdan məsələ indi daha da dəqiqləşib. Azərbaycanın mövqeyi budur: Ermənilər gedib yeni situasiyaya uyğun təkliflər hazırlasın və biz buna nəzər yetirək. Bununla da Azərbaycan və Ermənistan başçılarının görüşündəki müzakirələr bəlli olacaq”.