Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə Britaniya Parlamentinin Lordlar və İcmalar Palatasının üzvləri Azərbaycan xalqını təbrik ediblər.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Lordlar Palatasının üzvü Con Kilkluni özünün şəxsi “Twitter” hesabında etdiyi paylaşımda müstəqilliyin bərpası münasibəti ilə Azərbaycanı təbrik edərək, ölkə başçısı, eləcə də bütün Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.
Lordlar Palatasının üzvü Lord Şeyx isə Azərbaycan Respublikasının Britaniyadakı səfiri Elin Süleymanova ildönümü ilə bağlı yazdığı məktubun mətnini özünün “Twitter” hesabında paylaşaraq Azərbaycan xalqını təbrik edib. O, Azərbaycanın müstəqil bir ölkə kimi keçdiyi inkişaf yolunun təqdirəlayiq olduğunu əlavə edib.
Qeyd edək ki, İcmalar Palatasının deputatı, Britaniya Parlamentində Azərbaycan üzrə Dostluq Qrupunun sədri Bob Bləkmən də özünün şəxsi sosial şəbəkə profillərində etdiyi paylaşımlarda uzun illərdən bəri ölkəmizin dostu olduğunu vurğulayaraq, Azərbaycan xalqını təbrik edib.