Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 18-də Füzuli rayonunda səfərdə olub. Ölkə başçısı Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident görüş zamanı bir sıra mühüm məsələlərə diqqət çəkib:
“Əsas vəzifəmiz gəncləri vətənpərvərlik ruhunda böyütməkdir. Çünki bu olmasa, bizim arzularımız yarımçıq olacaq. Vətənpərvərlik olsa, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qabağımızda dura bilməz”.
Dövlət başçısı həmçinin qeyd edib: “Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq, amma öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin”.
Ölkə rəhbərinin verdiyi mesajlarla bağlı “Sherg.az”a danışan millət vəkili Cavid Osmanov vurğulayıb ki, cənab Prezident Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşündə ərazi bütövlüyümüzün təmin edilməsinin hələ də bir sıra dairələr tərəfindən həzm edilmədiyini söyləməklə tutarlı cavablar verib.
Parlament üzvünün sözlərinə görə, Ali Baş Komandan xüsusilə bildirdi ki, müharibədən əvvəl, sonra və indi Azərbaycanla təhdid dilində danışmağa çalışanlar var:
“Lakin bu təhdidlərin hamısı puça çıxacaq, heç bir qüvvə dövlətimizlə təhdid dilində danışa bilməz. Müharibədən əvvəl Azərbaycana təsirlər göstərilir ki, tarixə qovuşmuş status-kvo saxlanılsın və dövlətimiz işğalla barışsın. Cənab Prezidentimiz isə bütün mümkün platformalarda bu təhdidlərin qarşısını alırdı və deyirdi ki, Ermənistan danışıqlardan qaçırsa, hərbi yol istisna deyil. Belə də oldu. Ötən il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Vətən savaşında gördük ki, böyük imperialist qüvvələr, güc mərkəzləri Azərbaycana böyük təzyiqlər göstərirdi. Eyni zamanda Ermənistana silah-sursat daşınması həyata keçirilirdi. Lakin ölkə rəhbərinin qeyd etdiyi kimi, münaqişə başa çatıb, ərazi bütövlüyümüz təmin edilib və Azərbaycan yeni reallıqlar yaradıb”.
Millət vəkili təəssüflə qeyd edib ki, müəyyən dairələr hələ də ölkəmizlə təhdid dilində danışmağa davam edirlər. Onlardan biri də məhz İrandır:
“Müharibədən öncə də ermənilərlə birgə Qarabağda olan evlərin, obyektlərin satışını və sökülməsini həyata keçirirdilər. Özlərini İslam ölkəsi kimi təqdim etsələr də, 60-dan çox məscidimizi darmadağın edən Ermənistanla dost və qardaşlıq münasibəti qururlar.
Cənab Prezident Füzulidə son zamanlar İranın qərəzli mövqedən çıxış etməsi, əsassız ittihamlarla Azərbaycana təzyiq göstərmə niyyətlərinin cavabını verdi. Ölkə başçısı bir daha bəyan etdi ki, hansısa bir qüvvə Azərbaycanın müstəqil siyasət yürütməsinə mane ola bilməz.
Lazım gələrsə, qeyri-bərabər mübarizəyə hazırıq!”.