Boşanmış ailələri, aliment ödəməyən kişiləri axtarıb tapmaq medianın vəzifəsi deyil
"Məişət zorakılığı hallarında yalnız bir tərəflə - adətən qadınlarla iş aparılır, kişilərlə yox. Halbuki, hər iki tərəflə iş aparılmalı, psixoloji, həmçinin sosial dəstək göstərilməlidir"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Məişət zorakılığı media müstəvisində" mövzusunda keçirilən təlimdə qeyd edib ki, hazırda ən böyük problem zorakılıq törədən şəxslərlə iş aparılmamasıdır. Sədr müavini vurğulayıb ki, həmin şəxslərin dəstəyə ehtiyacı var: "Çünki onların psixoloji problemləri mövcuddur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı iş aparmalıdır". S.Qəhrəmanova boşanma məsələlərindən də danışıb:
“Sivil boşanma formasını cəmiyyətə aşılamaq lazımdır. Boşanandan sonra övladlarına aliment ödəməkdən boyun qaçıran kişilər var. Media bu adamları tapıb müsahibələr etməli, onlara doğru fikir aşılamalıdır".
Sədr müavini yerli icra hakimiyyətlərində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyətindən narazılıq ifadə edib:
"Azərbaycanın bütün yerli icra hakimiyyətlərində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Bu qruplara müxtəlif kontingentdən olan şəxslər daxildir. Monitorinq qrupları tədqiqatlar aparmalı, müxtəlif tədbirlər həyata keçirməlidirlər. Ancaq monitorinq qruplarının işi bizi qane etmir”.
Əvvəlcə, S.Qəhrəmanovanın mediaya vəzifə “yükləmək” istəyinə qısaca toxunaq. Maraqlıdır, boşanmış ailələri, aliment ödəməyən kişiləri axtarıb tapmaq, onlarla söhbət aparmaq, doğru fikir aşılamaq niyə medianın vəzifəsi olmalıdır? Media psixoloq, sosioloq vəzifəsini, ağbirçək, ağsaqqal missiyasını üstlənəcəksə, Dövlət Komitəsində əyləşənlər nə iş görəcək? Hesabat hazırlamaqla, rəqəmləri saymaqla məşğul olacaqlar? Deyəsən, komitə öhdəsindən gələ bilmədiyi işlərə medianı cəlb etməyə çalışır. İşi çətinə düşən üz tutur mediaya.
Digər məsələlərlə bağlı isə mütəxəssis rəyini öyrəndik.
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında narazılıqların əsaslı olduğunu deyib:
- Bu problemlər var. Səbəb budur ki, məişət zorakılığı hallarında yalnız bir tərəflə - adətən qadınlarla iş aparılır, kişilərlə yox. Halbuki, hər iki tərəflə iş aparılmalı, psixoloji, həmçinin sosial dəstək göstərilməlidir. Məişət zorakılığının nədən yarandığı aydınlaşdırılmalıdır. Münaqişə ikitərəflidirsə, yəni burada iki nəfər – qadın və kişi iştirak edirsə, yalnız bir tərəfi dinləməklə problemi aradan qaldırmaq mümkün deyil. Psixoloji dəstək vacibdir. Lakin unutmamalıyıq ki, zorakılığa əl atan şəxsin psixoloji problemləri olmaya da bilər. Elə insanlar var zorakı mühitdə tərbiyə alıb və bu, onlar üçün normaldır. Bu cür həssas qruplarla işləyən qht-lər hədəfləri düzgün müəyyənləşdirməlidir. Ailə birgə yaşayışa davam edə bilər, ya yox, aydınlaşmalı və buna uyğun qərar verilməlidir. Əgər birgə yaşayışın mümkünsüzlüyü bəlli olrasa, bu haqda polisə məlumat verilməli və uzaqlaşdırma qərarı alınmalıdır. Mühafizə orderi verildikdən sonra da o şəxslərlə iş davam etdirilməlidir. QHT-lərə status verilməlidir ki, rəy təqdim etsinlər və bu rəy məhkəmə predmeti olsun. Bu məsələlərdə qeyri-hökumət təşkilatlarının təcrübəsindən istifadə edilməlidir.
Monitorinq qruplarının fəaliyyətinə gəlincə, M.Zeynalova S.Qəhrəmanovanın narazılığının əsaslı olduğunu bildirib:
- Haqlı narazılıqdır. Mən də o qrupların işindən narazıyam. Çünki bu qruplar formal olaraq yaradılıb. İcra hakimiyyətlərinə əlavə iş kimi verilib. Ona görə də ciddi yanaşmırlar. Hesab edirəm ki, monitorinq qrupu Dövlət Komitəsinin tərkibində olsa yaxşıdır. İxtisaslaşmış qrup olmalıdır, ora mütəxəssislər cəlb edilməlidir. Bu sahə üzrə kadrlar hazırlanmalıdır. Həmçinin qht-lərin də işə cəlb edilməsi vacibdir. Hansısa formada məişət zorakılığı baş verdikdə, komitənin yerlərdəki şöbələri, hansı regionda Ailə, Uşaq Mərkəzləri varsa, araşdırma aparır, hadisənin başvermə səbəblərini öyrənirlər. Lakin bu, həmişə mümkün olmur. Çünki komitənin də imkanları məhduddur. Məsələn, mən Almaniyada səfərdə olarkən məişət zorakılığı ilə bağlı xüsusi ixtisaslaşmış İşçi Qrupun fəaliyyəti ilə tanış olmuşam. İşçi Qrup reabilitasiya, reinteqrasiya məsələləri ilə məşğul olurdu, ayrı-ayrı kiçik qruplar çevik fəaliyyət göstərirdilər. Hər sahə üzrə mütəxəssislər ayrı idi. Bu halda məişət zorakılığının səbəblərini müəyyən etmək və problemi aradan qaldırmaq da asan olur.