“Azərbaycanda Türkiyə modelli ordu sisteminin yaradılması prosesi orduda çevikliyi, peşəkarlığı daha da artırır”.
“Sherg.az” xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov deyib.
Ekspert qeyd edib ki, oktyabrın 19-da müdafiə naziri Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsinin açılışında iştirak edib:
“Səhv etmiriksə, Azərbaycanda bu, Türkiyə modelli ilk belə hərbi hissədir. Ordudakı islahatlar Azərbaycanın postmüharibə dövrünün risklərinin müharibə ssenarilərinə gətirib çıxarmaq ehtimallarına qarşı qurduğu müdafiə mexanizmidir.
Ona görə də, dövlət işğaldan azad edilmiş ərazilərdə Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrini açıb. İşğaldan azad edilmiş ərazilərdəki hərbi hissələr sülhməramlıların nəzarətində olan zonalardan gələ biləcək təhlükələrə adekvat və çevik cavab vermək potensialını artırır”.
A.Kərimov vurğulayıb ki, komando hərbi hissəsinə gəlincə, bu hərbi hissə işğaldan azad edilmiş ərazilərdə deyil, amma çox strateji bir coğrafiyadadır:
“Həmin yeri Gülüstan, Ağdərə, Kəlbəcər, Talış, Suqovuşandan çətin relyefli dağlıq sərhəd ayırır, üstəgəl olduqca strateji nöqtələrdə xidmət təşkil edilir. Müdafiə konsepsiyasında böyük, lakin peşəkarlığı elə də yüksək səviyyədə olmayan kontingent yerinə daha kiçik, mobil, lakin keyfiyyətcə üstün imkanlara malik birliklər sırasında komando birliklərinin çəkisi çoxdur. Azərbaycan Ordusunda komando gücünün formalaşması olduqca vacibdir, gələcəkdə bu tip hərbi hissələrin sayının artmasının şahidi olacağıq”.