“Regionda yeni siyasi sferanın formalaşdığını təsdiqləyəcək”
“İlham Əliyev də öz növbəsində Türkiyə ilə dostluq -qardaşlıq mövqeyini təsdiqləyib, birlikdə olduğunu bəyan edəcək"
“Türkiyə liderinin Qarabağda aeroportun açılışında iştirak etməsi dostlara və düşmənlərə açıq siyasi mesajdır: Azərbaycan bu mərhələdə tək deyil”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gğzlənilən səfərindən danışıb. O Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandıran zaman deyib ki, oktyabrın 26-da Azərbaycana səfəri baş tutacaq:
“Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm. Səfərlə əlaqədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr apardıq. Bu mövzuyla bağlı qardaşım İlham Əliyevlə də müzakirə aparmışıq. Səfər çərçivəsində hava limanı, oradakı bir neçə magistral yolun açılışını edəcəyik və kənd təsərrüfatı ilə bağlı görülən bəzi işlərlə tanış olacağıq”.
Səfərin əhəmiyyəti ilə bağlı “Sherg.az”a danışan “Ağ Partiya” başqanı Tural Abbaslı söyləyib ki, istər R.T.Ərdoğanın Azərbaycana, istərsə də İlham Əliyevin Türkiyəyə səfəri indiki dövrdə çox önəmli siyasi hadisədir:
"Ermənistanla Azərbaycan arasındakı böyük sülh müqaviləsinin hazırlandığı dönəmdə Türkiyənin Azərbaycanın yanında olduğunu söyləməsi, R.T.Ərdoğanın Qarabağda aeroportun açılışında iştirak etməsi dostlara və düşmənlərə açıq siyasi mesajdır: Azərbaycan bu mərhələdə tək deyil. Bu həm İranın Azərbaycana son addımları fonunda, həm də hər vəchdə Ermənistanın yanında olan Rusiyaya da ötürülən önəmli mesajdır".
T.Abbaslı onu da əlavə edib ki, R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı dostluq - qardaşlıq mesajları ötürüləcək:
"R.T.Ərdoğan sülh sazişi barədə öz mövqeyini ortaya qoyacaq. Regionda yeni siyasi sferanın formalaşdığını təsdiqləyəcək. İlham Əliyev də öz növbəsində Türkiyə ilə dostluq -qardaşlıq mövqeyini təsdiqləyib, birlikdə olduğunu bəyan edəcək".