Qarşıdurmanın sonu nüvə müharibəsi ilə nəticələnəcək


Ona görə Rusiya bütün gücü ilə çalışır ki, Ukraynanın NATO-ya üzvlüyünə mane olsun

“Ukraynanın NATO-ya üzv qəbul edilməsi son dərəcə təhlükəli addım olacaq və bu, Moskvanı reaksiya verməyə məcbur edəcək”. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko deyib. ABŞ-ın Müdafiə naziri Loyd Austinin çıxışını dəyərləndirən Rudenko NATO ölkələrinin nümayəndələri tərəfindən belə açıqlamaların ilk dəfə səsləndirilmədiyini xatırladıb.

Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva "Şərq"ə açıqlamasında bildirib ki, Ukrayna NATO-ya üzv qəbul olunarsa, ABŞ-ın zərbə kompleksləri kimi istifadə oluna biləcək raket hücumundan müdafiə (RHM) sistemləri Ukraynanın şimal şərqində yerləşdiriləcək. Politoloq qeyd edib ki, bu da raketlərin Moskvaya çatma müddətini 7-8 dəqiqəyə bərabər edir: 

"Ona görə də Rusiya bütün gücü ilə çalışır ki, Ukraynanın NATO-ya üzvlüyünə mane olsun. Lakin Qərbin özü də istər Gürcüstanın, istər Ukraynanın Şimal Alyansına üzvlüyünə tələsmir. Əvvəla ona görə ki, ərazi problemlərinin olması Alyansın Nizamnaməsinə ziddir. Digər tərəfdən, Qərb yaxşı anlayır ki, Rusiyayla açıq qarşıdurma sonu nüvə müharibəsinə aparan savaşla nəticələnəcək ki, tərəflərdən hansınınsa qalib çıxma ehtimalı aşağıdır. Rusiya isə ən azından NATO-nun ərazi problemindən dolayı ölkələri üzv qəbul etməmə şərtindən uzun müddət yararlanmağa çalışacaq".

Z.Qarayeva əlavə edib ki,  Qərb də bu duruma tamamilə susqun qalarsa, birtərəfli məğlubiyyətlə barışmalı olduğunu anladığından dolayı,  bu faktordan hələ ki, təhdid vasitəsi kimi istifadə edəcək: 

"Qısacası, tərəflər hələ ki, biri-birləri ilə təhdid dilində danışmağa davam etsələr də, bugünkü şərtlərdə real addım cəsarətini heç bir tərəfdən proqnoz etmək mümkün deyil".