“Dünyada beynəlxalq təşkilatlar çoxdur. Amma biz qeyd etməliyik ki, Türk Şurası digər beynəlxalq təşkilatlardan çox fərqlənir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Media Forumunda çıxışı zamanı deyib.
“Türk Şurasının təməlində bizim qardaşlığımız, dəyərlərimiz, ortaq keçmişimiz, tariximiz durur. Türk Şurasının gücü, qüdrəti bundan ibarətdir. Türk Şurası bizim tarixdən gələn dostluğumuzu bir araya gətirərək bizi irəliyə aparan bir təşkilatdır. Onu da deyim ki, Türk Şurasının Baş katibi Bağdad Əmriyevin bilavasitə dəstəyi ilə qarşıdan gələn sammitimizdə də çox önəmli qərarların qəbul edilməsi gözlənilir. Cənab Prezidentlərimizin imzası ilə bu qərarların qəbul olunması ilə Türk Şurası beynəlxalq münasibətlərdə daha güclü mövqeyə sahib olacaq”, - Prezidentin köməkçisi vurğulayıb.