“Zəngəzur dəhlizinin reallaşması perspektivi türk dövlətləri arasındakı əlaqələrin daha da genişlənməsinə zəmin yaradacaq”
Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Media Forumunda çıxış edib. Dünyada beynəlxalq təşkilatların çox olduğunu bildirən Prezidentin köməkçisi qeyd edib ki, Türk Şurası digər beynəlxalq təşkilatlardan çox fərqlənir:
“Türk Şurasının təməlində bizim qardaşlığımız, dəyərlərimiz, ortaq keçmişimiz, tariximiz durur. Türk Şurasının gücü, qüdrəti bundan ibarətdir. Türk Şurası bizim tarixdən gələn dostluğumuzu bir araya gətirərək bizi irəliyə aparan bir təşkilatdır. Onu da deyim ki, Türk Şurasının Baş katibi Bağdad Əmriyevin bilavasitə dəstəyi ilə qarşıdan gələn sammitimizdə də çox önəmli qərarların qəbul edilməsi gözlənilir. Cənab Prezidentlərimizin imzası ilə bu qərarların qəbul olunması ilə Türk Şurası beynəlxalq münasibətlərdə daha güclü mövqeyə sahib olacaq”.
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən Xalq Cəhbəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Türk Şurasının kompakt şəkildə təşkilata çevrilməsi ilə bağlı cənab Prezident də fikirlərini səsləndirib:
“Əslində bu faktorun özü olduqca ciddi irəliləyişdir. Çünki şura model olaraq məşvərətçi xarakter daşıyan bir anlayışdır, amma təşkilat faktiki olaraq sturukturlaşmış və bütün istiqamətlər üzrə konkret əməkdaşlıq platformaları olan mühüm bir qurumdur. Məlum olduğu kimi, Türkmənistan da türk dövlətləri birliyinə daxil olacaq. Bununla areal daha da genişlənir. Artıq bir çox sahədə əməkdaşlıq platformaları həyata keçirilir. Həmin platformalar içərisində iqtisadi müstəvidə əməkdaşlığın daha da genişləndirilməsi, təhsil, səhiyyə və mədəniyyət sahəsində vahid bir təşkilatla çoxşaxəli platformanın yaradılması nəzərdə tutulur. Yəni türk dövlətləri birliyi artıq tamamilə yeni bir strateji müstəviyə qədəm qoyur. Çox güman ki, H.Hacıyevin səsləndirdiyi fikirlər də bu amillərdən qaynaqlanır”.
E.Mirzəbəyli qeyd edib ki, regionda baş verən dəyişikliklər, həmçinin Zəngəzur dəhlizinin reallaşması perspektivi türk dövlətləri arasındakı əlaqələrin daha da genişlənməsinə zəmin yaradacaq:
“Bu dəhliz eyni zamanda türk dövlətlərinin vahid nəqliyyat adı altında birləşməsinə imkan verəcək. Təbii ki, bu da müsbət amillərdən biridir. Bir coğrafi məkanın geosiyasi faktora çevrilməsi üçün vacib şərtlər var. Həmin şərtlərdən biri enerji dəhlizlərinin inteqrasiyası və vahid halda birləşməsidir. Bu da iqtisadi əlaqələrin genişlənməsinə imkan verir. H.Hacıyevin verdiyi anonsun təməlində məhz bu amillər dayanır”.