"Gün ərzində keçirdiyi emosiyalar gecələr atama əzab verirdi"
Mətin Mirzə: "Hər gecə səksəkə içində yatırdım ki, onu bu gecə itirə bilərəm"
Əməliyyat edən həkim dedi ki, bu adam bu ürəklə indiyədək necə yaşayıb?!. Ürəyi pendir kimi deşik-deşikdi
Əməliyyata gedəndə qoluma vurdu, əlini boynuma salıb özünə tərəf çəkdi, dedi “kişi ol”… O məni əsgər kimi böyüdürdü. Həmişə “farağat” komandasında olmalıydım
Dahi Məmməd Araz yazıb ki “Azərbaycan! Mayəsi nur, qayəsi nur ki, hər daşından alov dilli ox ola bilər…” Ardını bilir oxucumuz (ümid edirəm, inanıram). Bu bircə misrada Məmməd Araz var. Xəlil Rza Ulutürk var. Və Mikayıl Mirzə var. Xəlil Rza Azərbaycanın alovdan diliydi. Məmməd Arazın alov qəlbindən qopanları isə (təəssüf, xəstəliyi səbəbindən) Mikayıl Mirzə dilləndirirdi. Eynən, hətta qat-qat artıq da deyə bilərik. Mikayıl Mirzə şeir səsləndirmirdi. Od tutub yanırdı!.. Alovlanırdı!..
“Bu gün nə oxudunuz bala?
- ”A” hərfi, ata!
- Atanın atası...Ata bax, ata!
“Bu gün nə oxudunuz bala?
- ”D” hərfi, ata!
- Demək, dəryazı döy-deyiblər, dədə...
Mənim çöl əlifbam macqal dilində
“O” keçdim - deməli orağı yağla,
“C” keçdim - deməli, cütü qulaqla...
Nə yaxşı! Əlifba “A”-dan başlanır.
Atadan başlanır,
Anadan başlanır...”.
Məmməd Arazın bədii yaradıcılıq gecəsində Mikayıl Mirzənin səsi indi də qulaqlarımdadı. “A” hərfini elə çılğıncasına səsləndirirdi ki, bir hərfdən böyük bir Azərbaycan yaranırdı. Od dilli oxları sağa-sola, şimala-cənuba tuşlayırdı. Məmməd Arazı təmsil edirdi, Xəlil Rzanı təmsil edirdi. Azərbaycanı təmsil edirdi. Oxucumuz maraqlanar bəlkə, sual yaranar onda ki, Mikayıl Mirzə “nədən” yada düşdü? Cavabı budur: Xəlil Rzadan. Bir neçə gün əvvəl Xəlil Rza Ulutürkün anım günüydü. Xəlil Rza anılanda Mikayıl Mirzə də təbii ki, xatırlandı. Allah Azərbaycan eşqi ilə yaşayıb bu sevgi ilə dünayadan köçənlərə rəhmət eləsin. Xalq artisti, güclü aktyor, rejissor, bədii qiraətin görkəmli ustası Mikayıl Mirzə xatırlananda oğlu Mətin Mirzə ilə söhbət etmək keçdi fikrimizdən. Uzun müddətdir xəbərsizik ondan. Necə yaşayır, harada çalışır? Yaddaşımızda qalan Mətin Mirzənin Xarici İşlər Nazirliyində mətbuat əlaqələndiricisi vəzifəsində çalışması idi. Sonra deyəsən, başqa işə keçmişdi. Nə isə. Özü danışacaq bu barədə.
Telefon zəngimizə cavab verdi, salam-kəlamdan sonra, soruşdum:
- Sizə necə müraciət edək, “müəllim”, “bəy”?
- Heç biri. Mirzə deyin… Hamı məni belə çağırır. Həmişə belə hesab etmişəm ki, “müəllim” müraciəti konkret bu peşə sahiblərinə yönəlməlidir. Amma Mirzə… Bu addan böyük nə ola bilər? Öz adımdan xoşum gəlmir…
(Bu məni təəccübləndirdi)
- Niyə? Yaxşı adınız var ki.
- Yox, mən bəyənmirəm. Atam qoyub adımı…
- Şübhəsiz özü təbinə uyğun – Mətin!
- Elədi. O məni çağıranda diksinirdim. Elə amiranə, zəhmli səslə çağırırdı ki, dik atılırdım. Deyirdim, ay ata, nə olub, bir az yavaş çağır da. Deyirdi, gör nə ad qoymuşam e sənə!.. Sən həyatda da mətin olmalısan! Səhər bizi yuxudan gur səsi ilə səsləndirdiyi şeirlərlə oyadırdı. Gecələr də çox vaxt başlayırdı ucadan şeir deməyə. Bir də görürdün, məşq edir. Səsə oyanırdım, deyirdim, ay ata, qoy yataq da!.. Məşq vaxtıdı?!.
- (Onun istədiyi müraciət formasına keçdim) Mirzə, çox zaman aktyorlar haqqında danışanda, məsələn, ciddi rol ifaçıları haqqında “həyatda tam əksi, mehriban, gülər üz idi”, komediya ustaları barədə “həyata çox ciddi idi” deyilir. Belə başa düşdüm ki, Mikayıl Mirzə səhnədə necəydisə, həyatda da elə olub. Sərt, çılğın…
- Kövrəkliyi də vardı. Köməksiz, əlacsız qalanda kövrəlirdi.
- Heç zənn etməzdim…
- Evin içini çox adam bilmir. Atam kiməsə problemlərini söyləməyi də sevməzdi. Deyərdi, bu, mənim məsələmdi. Özüm həll edəcəm. Gecələr tez-tez oyanırdı. Deyirdi, havam çatmır. Boğuluram. Anama əziyyət verməmək üçün mən onunla bir otaqda yatırdım. Hər dəfə o oyananda, təngnəfəs olanda su verirdim. Ürəyi çırpınırdı, atlanırdı. Elə sürətlə döyünürdü ki. Bəlkə də o gecələrdə mən yanında olmasaydım, nəfəsi daralanda ona su verməsəydim, ürəyi dayanardı… Gün ərzində keçirdiyi emosiyalar gecələr ona əzab verirdi. Təsəvvür edə bilməzsiniz, 20 il bu əzablarla yaşadı. Hər geçə səksəkə içində yatırdım ki, atamı bu gecə itirə bilərəm. Hər gecə onu “dəfn edirdim”, səhər yenə həyata qayıdırdı. Atam dünyadan köçənə qədər hər gecəmiz belə olub… Əməliyyat edən həkim dedi ki, bu adam bu ürəklə indiyədək necə yaşayıb?!. Ürəyi pendir kimi deşik-deşikdi.
- Deməli, həqiqətən də səsləndirdiyi şeirlər ürəyindən keçib dilinə gəlirmiş…
- İçindəki enerji ürəyini parça-parça edirdi. Həyəcanlanırdı. Sanki şeytanla mübarizə aparırdı. Gecə saat 2-də, 3-də yatağından atılırdı ki, ay ana, öldüm, ürəyim partladı!.. Su verirdim, kürəyini ovxalayırdım, sakitləşirdi. O, “Aydın” tamaşasını hazırlayanda çox istəyirdi ki, Aydını özü oynasın. Biz qoymadıq. Anam da, mən də yalvarıb-yaxardıq ki, sən oynama! Rejissorsan, rejissor kimi qal. Çünki çox ağır roldu, ağır obrazdı. İnanın, atam Aydın rolunu oynasaydı, səhnədə canını tapşıracaqdı.
(Mirzənin danışdıqları məni əməlli-başlı şoka salmışdı. Aktyor da bu dərəcədə obrazın daxilinə nüfuz edərmi?!)
- “Aydın” tamaşasını “Azdrama”da hazırlamışdı?
(oxucumuzdan üzr istəyirəm, Mirzənin sürətilə yazıram, Cəfər Cabbarlının “Aydın” pyesindən söhbət getdiyini xatırlatmadım. Elə bilirəm, hamı anlayır - M.R.)
- Bəli. Səhnə quruluşu vermişdi, rejissorluğunu özü edirdi. Atam bir dəfə “Aydın”ı oynayıb. “Tədris” teatrında diplom işi kimi səhnəyə qoyulub. Atam Aydın, Rasim Balayev Dövlət bəy, Elmira Şabanova Gültəkin rolunda. O tamaşa çox böyük əsk-səda yaradıbmış. Hamı istəyirmiş ki, o tamaşaya baxsın. Onda Mikayıl Mirzənin 20 yaşı vardı. Neçə ildən sonra, artıq bəlli bir yaşı olan adam yenidən Aydını oynamaq istəyir. Buna onun ürəyi tab gətirməzdi.
- Fikrindən döndərə bildiniz?
- Çətinliklə. Rolu Nurəddin Mehdixanlıya verdi. Tamaşa nə qədər ki, səhnədəydi, mən hər dəfə izləyirdim və görürdüm ki, Nürəddin Mehdixanlı səhnədən tövşüyə-tövşüyə çıxır. Güclə nəfəs alır.
- Həqiqətən ağır obrazdı. Amma Mirzə, “Od gəlini” də belədi. Elxan obrazı!
- Hə! O da güclü obrazdı. Hələ siz “Yad adam”ı görməmisiniz. Atam “Qoca” obrazını oynayırdı. Tamaşa boyu 5-6 dəfə köynəyini dəyişməli olurdu. Çünki su içində çıxırdı səhnədən. O tamaşada mən də oynamışam – Valter rolunu.
- Doğrudan?
- Bəli. Mənim uşaqlığım teatrda keçib. Sonralar da bir neçə pyesdə rol almışam. Amma atam istəmirdi mən aktyor olum. Özü bu hallara düşürdüsə, necə razı olardı, mən də onun yoluyla gedim? Hər belə ağır tamaşadan sonra gecələr yata bilmirdi. Qulluğunda dayanırdıq. Çəpər əyriliyi də vardı deyə, nəfəs almağı bir az da çətinləşdirirdi. O vaxt biz birotaqlı evdə yaşayırdıq. O mənzili atama Süleyman Rüstəm vermişdi. Darısqal otaqda çətinliklə dolanırdıq. Sonralar vəziyyətimiz yaxşılaşdı.
- Mikayıl Mirzənin başqa bir rolu da vardı, adını unutmuşam, monoloq deyirdi, həbsxanada… Deyəsən, gürcü yazıçısının əsəri idi…
- Həə, “Günahsız Abdulla”.
- Düzdü… O da dəhşətli idi. Gah ağlayırdı, gah gülürdü…
- Belə obrazlar onun ürəyini para-para eləmişdi. Teatrdan, hansısa bədii gecədən evə qayıdanda əlimizdən gələni edirdik, təki dincəlsin. Sənətkarla bir yerdə yaşamaq da çətindi, dözmək lazımdı. Evdə olanda görürdük zəhmlidir, çəkinirdik soruşaq “nə olub?”. Soruşmurduq da. Bilirdik ki, onun bu sualdan xoşu gəlmir. Gözləyirdik, özü yumşalsın.
- Mirzə, siz evlisiniz?
- Bəli.
- Atanızın sağlığında ailə qurmusunuz?
- Yox. O belə məsələlərə çox ciddi yanaşırdı. Hərdən istəyirdim, evlənməklə bağlı söz salım, deyirdi, adam atasına belə söz deməz. Vaxtı çatanda özüm deyəcəm. Hələ vaxtı deyil. Atam xəstəxanada olanda mən nişanlandım. Böyük əmim oğlu var, onun məsləhəti ilə oldu. Tanıdığımız ailənin qızı idi.
- Atanız bildi, nişanlanmağınızı?
- Xəstəxanada ona dedim, bilmirəm anladı, ya yox. Çünki vəziyyəti yaxşı deyildi. Amma sakitcə mənə xeyir-dua verdi.
- Əsas xeyir-duadı, onu da almısınız…
- Elədi. Əməliyyata gedəndə isə qoluma vurdu, əlini boynuma salıb özünə tərəf çəkdi, dedi “kişi ol”… Biz ata-bala bir-birimizi çox istəyirdik. Amma atam övlada, xüsusən də oğul övladına sevgisini aşkar bildirən birisi deyildi. O məni əsgər kimi böyüdürdü. Həmişə “farağat” komandasında olmalıydım. Sanki o, komandir idi, mən də tabeliyindəki əsgər.
- Neçə övladınız var?
- Bir qız, bir oğlan.
- Allah saxlasın.
- Atanızın əməliyyatı ilə bağlı soruşacaqdım. Bakıda əməliyyat olunmuşdu?
- Yox, Almaniyada. Çox ağır əməliyyat olmuşdu. Cərrah tikə bilmirmiş, ürək sapa gəlmirmiş. Onda həkim heyrət etmişdi ki, bu cür ürəklə insan neçə illər necə yaşayıb. Əməliyyatdan 1 il sonra vəfat etdi. Özü çox da istəmirdi əməliyyat olunmağı. Deyirdi, Allah verən ömürdü, Allah verən ürəkdi. Nə qədər dözər, dözər. Amma Milli Məclisə getməliydi, deyirdi, gedirəmsə, gərək sağlam gedəm (Xatırladaq ki, Mikayıl Mirzə iki çağırış Milli Məclisin deputatı olub. 1995-2000 və 2002-2005-ci illərdə). Həm də millət vəkili kimi, vətəndaş kimi dövlət qarşısında, ölkə qarşısında borcunu ödəmək istəyirdi… Vətəndaş məsuliyyəti hiss edirdi və onu yerinə yetirmək istəyirdi. O məni də belə tərbiyə edirdi.
- Allah rəhmət eləsin… Siz hazırda işləyirsiz?
- Bəli. Xarici İşlər Nazirliyində Asiya ölkələri idarəsinin şöbə müdiriyəm.
- Elə bilirdim, daha XİN-də işləmirsiniz…
- Bəzən yanlış anlaşmalar olur. XİN-də vəzifə təkcə mətbuat əlaqələndiricisi deyil ki. Neçə idarə, şöbə var.
- Sizin haqqınızda ən son məlumat Azərbaycanın Çindəki səfirliyində müşavir işləməyinizdi. Sonra daha məlumat yoxdur, yəqin ona görə.
- Mən 2017-ci ildə Vətənə qayıtdım. Diplomatik iş belədir ki, yeni təyinat olmalıdır. 2 il səbrlə gözlədim, hazırkı vəzifəyə təyinat aldım. Çindən əvvəl İndoneziyada səfirliyin müşaviri olmuşam.
- Maraqlıdı Şərq ölkələri?
- Əlbəttə. Ruhən də bizə yaxın ölkələrdir.
- Amma məişətdə, qidalanmada fərqliliklər var. Xüsusən də dəniz məhsulları baxımından. Çətin olmurdu sizin üçün?
- Əsla. Özümü alışdırmışdım. Əksinə, fərqliliklər mənə zövq verir. Bakıda da mən ailəmi, uşaqları tez-tez Şərq, Asiya restoranlarına aparıram, çalışıram onlar da alışsın. Çox dadlı olur dəniz məhsulları. Ümumiyyətlə, diplomat hər situasiyaya adaptasiya olunmağı bacarmalıdır.