Özbəkistanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.
“Report” xəbər verir ki, diplomatik nümayəndəlikdə yaradılmış 27 saylı seçki məntəqəsində səsvermə 08:00-dan 20:00-dək davam edəcək.
Seçki komissiyasının sədri Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanovdur.
Seçicilərin əksəriyyəti Bakı şəhərində, həmçinin Quba, Gəncə və Sumqayıtda yaşayır. Bununla belə, Azərbaycanın digər şəhər və rayonlarında yaşayan seçicilərin də səsvermədə iştirak edəcəyi gözlənilir.
Prezident seçkilərində Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir:
Özbəkistan Ekologiya Partiyasından Narzullo Naimoviç Oblomuradov;
Özbəkistan Xalq Demokratik Partiyasından Maksudə Azizovna Varisova;
Sahibkarlar və İş adamları Hərəkatından - Özbəkistan Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev;
Özbəkistanın “Milli tıklanış” Demokrat Partiyasından Əlişir Keldiyeviç Kodirov;
Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyasından Bəhram Abdurəhimoviç Abduhəlimov.
Özbəkistanda prezident seçkilərinin nəticələri 2021-ci il noyabrın 3-dən gec olmayaraq açıqlanacaq. Namizədlərdən heç biri 50%-lik həddi keçməsə, ikinci tur elan ediləcək və həmin turda daha çox səs toplamış 2 namizəd iştirak edəcək. Seçkilərdə seçicilərin 33%-dən çoxu iştirak edərsə, seçkilər keçirilmiş hesab olunur.