Məqsəd Rusiyanı silah bazarından sıxışdırıb çıxarmaqdır
ABŞ Konqresində Rusiya silahına marağın azaldılması üzrə yeni planın işlənib hazırlanması təklif olunub. Bu barədə Konqresə təqdim olunan hesabata deyilir. Analitiklərin fikrincə, Rusiya silahdan istifadə edərək öz xarici siyasətini inkişaf etdirir və bununla da, Vaşinqtonun təsirini zəiflədir. Bəzi konqresmenlər belə hesab edirlər ki, silah satışı "Rusiyanın təcavüzkar və bədniyyətli fəaliyyətini" dəstəkləyir, eləcə də, regional münaqişələri qızışdırır.
O da qeyd olunub ki, sanksiyaların tətbiqi kifayət qədər effekt verməyib. Bundan başqa, belə məhdudlaşdırma tədbirləri idxalçı dövlətlərdə mənfi reaksiya doğura və ABŞ-ın özünə zərər verə bilər. Konqresdə bunu onunla izah edirlər ki, bir çox ölkələr Rusiya silahına bel bağlayır, odur ki, həmin dövlətlərin bundan tamamilə imtina etməsi çətin olacaq. Beləliklə, sənədin müəllifləri Rusiyanın Müdafiə-Sənaye Kompleksinə təzyiq göstərməyin yeni üsullarını müəyyənləşdirməyə çağırarlar ki, onların fikrincə, bu da həmin ölkənin təcrid olunmasına gətirib çıxaracaq.
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli "Şərq"ə açıqlamasında vurğulayıb ki, Birləşmiş Ştatları son model silah texnologiyasına qarşı həm yaxın məsafədən döyüş, həm hərbi əməliyyatlar, həm də ki ballistik raketlər sahəsində Rusiyanı üstələyib. Analitik qeyd edib ki, ancaq nüvə başlıqlarının və ballistik raketlərin qitələrarası raketlər məsələsində Rusiyanın üstünlüyü həmişə qalmaqdadır:
"Bu baxımdan Birləşmiş Ştatlar çalışır ki, Rusiyanın silahları dedikdə onun zəifliyini isbata gətirsin. Konkret olaraq həm yaxın, həm də uzaq məsafədən raket sənayesində ona zərbə endirsin. Amma məsələ bundan ibarətdir ki, son Qarabağ müharibəsi göstərdi ki, ağır metallurgiyaya əsaslanan istehsal sahələri, misal üçün, "S-300"lər, toplar, tanklar bunların hamısı uğursuzdur. Çünki Azərbaycan tərəfi bunları beşinci nəsil texnologiya ilə məhv elədi. Rusiyanın əlində olan həmin nəsil texnologiyalar məhz ikinci, üçüncü nəsillərə aiddir. Birləşmiş Ştatlar da gördü ki, Qərb silahları yəni İsrailin, Türkiyənin pilotsuz aparatları böyük hərbi üstünlüyə malikdir. Bu baxımdan artıq o, ilkin üstünlüyü əldə edib".
Ə.Əlibəyli əlavə edib ki, artıq Amerika Birləşmiş Ştatları hərbi qırıcılar, hərbi təyyarələr baxımından da üstünlüyə malikdir:
"Ən azından "F-35" layihəsi kifayət qədər uğurludur və 2050-ci ilə qədər Rusiya, Çin sənayesini qabaqlaya biləcək gücdədir. Amma bu günün özündə həm nüvə başlıqları, həm ballistik raketlərdə Rusiyanı üstələmək olmayıb, həm də hidrogen silahında, atom daxil. Bu, konsepsiya da məhz bunun üzərindədir. Silah bazarı sahəsində birinci yerdə Amerika Birləşmiş Ştatları, ikincidə Rusiyadır. Məqsəd isə ikinci yerdə Rusiyanı sıxışdırıb çıxarmaqdan ibarətdir.
Yeri gəlmişkən, ABŞ-ın burda qələbə qazanması real görünür. Çünki Çinin özü də ABŞ-la rəqib, ancaq Rusiyaya yaxın olsa da, bu məsələdə rəqabət önəmlidir".