Erməni diasporasının Paşinyandan "ağızları yanıb"

Vasif Əfəndiyev: "Ona görə də Ermənistanın siyasi müxalifəti ilə iş birliyində maraqlıdırlar"


Fransanın “Atlantico” jurnalı “Ermənistan:  - Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri” başlıqlı məqalə yayımlayıb. Məqalədə erməni diasporası ilə İrəvan hökuməti arasındakı ziddiyyətdən və Ermənistan-Azərbaycan münasibətlərindən bəhs edilib. Yazıda vurğulanıb ki, xaricdəki, xüsusən Fransadakı erməni diasporası Ermənistanı “ruhlandırdıqdan” sonra Paşinyan hökuməti ilə dava-qırğındadır. Bu qarşıdurmada fransız parlamentarilərdən istifadə edirlər:

“Erməni diasporu adından çıxış edənlər Ermənistandakı ən millətçi ünsürləri dəstəkləyir, onları barışmaz olmağa təşviq edirlər. Daha çox əhalisi olan, daha zəngin, Türkiyə tərəfindən, eləcə də İsrail, Ukrayna, Gürcüstan və Macarıstan tərəfindən dəstəklənən Azərbaycan keçən il beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyan öz səhvlərinin və aldanmalarının miqyasını, eləcə də sələflərinin səhvlərini ölçə bildi. Paşinyan tamamilə fərqli bir xətt üzrə, ötən ilin iyununda keçirilən qanunvericilik seçkilərində qalib gəlib. Lakin Fransadakı və Atlantik okeanının o tayındakı erməni assosiasiyalarının əksəriyyəti Paşinyana seçkilərdən qalib çıxdığına görə hələ də düşmən olaraq qalmaqdadır”. Məqalədə həmçinin, qeyd olunub ki, erməni diasporası bir sıra xarici gücləri arxalarına alaraq Ermənistanın özü üçün fəlakət doğura biləcək yeni bir müharibənin başladılmasından danışırlar. 

Məqalədə diqqət çəkilən məqamları “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, 1970-ci ildən etibarən erməni diasporası ciddi şəkildə təşkilatlandı. Partiya rəsmisinin sözlərinə görə, ABŞ-da Erməni Milli Komitəsi, Erməni Assambleyası, Avropada Avropa Erməni Əməkdaşlıq Forumu, Dünya və Mədəniyyət Təşkilatları Beynəlxalq Birliyi, Rusiyada Rusiya Erməniləri Birliyi dünyaya səpələnmiş ermənilər üzərindən şəxsi mənfəət güdürlər: 

"Diaspora təşkilatları “Dörd T planı” ilə Ermənistanı şəxsi maraqlarının əsiri ediblər. Bu günə qədər bu qurumlar yaşadığı ölkələrdə aktiv ermənilərin səslərindən yararlanaraq hər kəsə məlum siyasi iddialarla çıxış etsələr də, konkret nailiyyət əldə edə biməyiblər. Çünki diaspora rəhbərləri ilk növbədə şəxsi kapitallarını artırmaq və Ermənistan hakimiyyətini özlərindən asılı vəziyyətə salmaq məqsədinə qulluq ediblər. Əsas niyyət korrupsiya pullarının yuyulmasıdır. Köçəryan və Sarkisyanın hakimiyyət illərində diaspora çirkli pullar içərisində üzürdü. Amma onların Paşinyandan “ağızları yanıb”. Ona görə də Ermənistanın siyasi müxalifəti ilə iş birliyində maraqlıdırlar. Lakin qatar artıq gedib. Paşinyan son çıxışlarında Azərbaycanla əməkdaşlığa hazır olduğunu bildirib. Rusiya prezidentinin Moskvaya səfər edən Paşinyanla Zəngəzur dəhlizinin açılması və bölgədə davamlı sülh barədə müzakirəsi mühüm prosesin getdiyini göstərir. Eyni zamanda Putin problemin çözülməsində kənar qüvvələrin iştirakının mümkünsüz olduğunu bəyan etməklə Qərb ölkələrinə də mesaj verdi. Türkiyə danışıqlar formatında sənədlərə imza atmasa da, onun regiondakı rolu və sülh sazişinin son variantına qədər aktiv iştirakçı olacağı danılmazdır. Rusiya bu məsələdə Türkiyənin iştirakına heç bir etiraz etmir”.

Politoloq qeyd edib ki, Makron başda olmaqla Qarabağda tarixi qələbəmizə qarşı çıxan Fransa hökuməti, eləcə də erməni diaspor təşkilatları Azərbaycanın güclü hərbi, siyasi və iqtisadi potensialı qarşısında çox aciz görünür: 

“Diaspora Ermənistanı növbəti müharibəyə sürükləməyə cəhd edərsə, bu onların dövlət olaraq mövcudluğunu böyük təhlükəyə atmış olar. İnanmıram ki, bu, baş tutsun. Müharibə üçün ilk növbədə çoxlu pul və canlı qüvvə lazımdır. Tutaq ki, diaspora 50 milyard toplayıb Ermənistanı müharibəyə şirnikləndirdi, bəs o zaman döyüşməyə canlı qüvvəni haradan tapacaqlar ? 44 günlük müharibədə Ermənistan ordusu aldığı ilk zərbələrdən sonra kütləvi şəkildə dağılmağa başladı. Ordudan fərarilik görünməmiş həddə çatdı. Son olaraq “Dörd T” planı barədə də məlumat vermək istərdim. Birinci T hərfi təqdimat deməkdir. Yəni saxta “erməni soyqırımını” bütün dünyaya tanıtmaq lazımdır. İkinci T hərfi – tanınma deməkdir. 1915 hadisələrində 1,5 milyon erməninin guya “soyqırım” nəticəsində qətlə yetirildiyi, dünya ictimaiyyəti tərəfindən qəbul edilməlidir. Üçüncüsü, Təzminat sözüdür. Bu da Türkiyə Respublikasının guya törətdiyi “soyqırıma” görə üzr istəyib təzminat ödəməsini nəzərdə turur. Dördüncüsü isə torpaq - “Böyük Ermənistan” xəyalını reallaşdırmaq üçün lazım olan torpaqların Türkiyədən alınmasıdır. Əlbəttə, bunların hamısı artıq xülyadır”.