“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz dünyada sabitlik məkanı kimi tanınır və bu amil də öz növbəsində respublikada bütün sahələrin hərtərəfli inkişafına zəmin yaradıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimində Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın birbaşa iştirakı olmadan beynəlxalq səviyyəli nəqliyyat-logistika və nəhəng enerji layihələrinin reallaşması, mühüm siyasi qərarların qəbul olunması mümkün deyildir:
“Bununla yanaşı, qeyd edilib ki, son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar”.
Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq mühafizə orqanlarının birgə effektiv mübarizəsindən danışan general-polkovnik Ramil Usubov dövlətin hərbi potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim lazımi tədbirlərin görüldüyünü, vacib addımların atıldığını diqqətə çatdırıb.