İki mühüm sənəd imzalanacaq! – Demarkasiya və delimitasiya reallaşır? – AKTUAL ŞƏRH  

“Sənədlərin imzalanacağının nə qədər dəqiq ola biləcəyini Moskvanın planlaması ilə bilmək olar”

“Rusiya tərəfinin mövqeyi budur ki, yekun müqavilə imzalanmalıdır və indiki məqamda bölgədə status-kvonu saxlamaq heç kimə sərf etmir”

“Rusiyaya sərf etməməsinin səbəbi isə başqa güclərin gəlib bölgəyə müdaxilə etməsidir”

“Ona görə də status-kvo nə Azərbaycan, nə Rusiya, nə Türkiyə, nə də Ermənistana lazımdır. Bu məsələdə ancaq ABŞ, Fransa və İranın mövqeləri üst-üstə düşür”


Noyabrın 9-da Azərbaycan və Ermənistan Moskvada iki yeni sənəd imzalayacaq. Bu barədə məlumatı Ermənistanın “aliqmedia.am” saytı diplomatik mənbələrə istinadla yayıb. Bildirilir ki, sənəd Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan lideri İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanacaq.

Qeyd edilib ki, birinci sənəd SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci illərinə aid xəritələri əsasında İrəvan və Bakının bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacağı Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiyasına aiddir.

Baş nazirin müavinləri səviyyəsində son Ermənistan-Rusiya-Azərbaycan görüşü nəticəsində demək olar ki, yekun razılaşmanın əldə edildiyi ikinci sənəd bölgədəki kommunikasiyaların blokdan çıxarılmasına, xüsusilə də Azərbaycanla Naxçıvan arasında yol dəhlizlərinin qurulmasının detallarına işarə edir.

Habelə vurğulanır ki, 9 noyabr tarixi xüsusi olaraq seçilib. 2020-ci ilin həmin günü Azərbaycan prezidenti  və Ermənistanın baş naziri Rusiya prezidentinin vasitəçiliyi ilə Üçtərəfli Bəyanat imzalayıblar, bununla da hərbi əməliyyatlar dayandırıldı və bir neçə həftə ərzində Ermənistan silahlı qüvvələri geri çəkildi.

 Məlum sənədlərin imzalanmasının baş tutub-tutmayacağı barədə “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin sözlərinə görə, Ermənistan müxalifəti sənədlərin imzalanmasına əsas arqument olaraq hesab edirlər ki, Azərbaycanın elan etdiyi qələbə günü sülh müqaviləsinə imza atılacaq:

“Kommunikasiyalar razılaşdırılıb, demarkasiya və delimitasiya prosesi bitib. Belə olduğu halda Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Bununla yanaşı, “Artsax”  məsələsi birdəfəlik qapanacaq. Bu, ermənilərin arqumentidir. Məhz noyabrın 9-10-u da İrəvanın mərkəzi meydanında mitinq təşkil ediblər. Əslində bu Paşinyanın özünün də sifarişi ilə ola bilər. Çünki danışıqlar masasına əligüclü getmək istəyir ki, Azərbaycan müəyyən məsələlərdə güzəştlər etsin və Paşinyan göstərsin ki, əks-halda hakimiyyətini itirə bilər. Proseslərdə çoxçeşidli oyun planı ortaya çıxır. Amma sənədlərin imzalanacağının nə qədər dəqiq ola biləcəyini Moskvanın planlaması ilə bilmək olar. Rusiya tərəfinin mövqeyi budur ki, yekun müqavilə imzalanmalıdır və indiki məqamda bölgədə status-kvonu saxlamaq heç kimə sərf etmir. Rusiyaya sərf etməməsinin səbəbi isə başqa güclərin gəlib bölgəyə müdaxilə etməsidir. 

Ona görə də status-kvo nə Azərbaycan, nə Rusiya, nə Türkiyə, nə də Ermənistana lazımdır. Bu məsələdə ancaq ABŞ, Fransa və İranın mövqeləri üst-üstə düşür”.