“Dünya ictimaiyyəti Qarabağın Azərbaycan və Türkiyə üçün önəminin nə olduğunu dərk etdi”
“Bəzi qüvvələr Azərbaycanın Qarabağı azad etməsini qəbullana bilmir, dövlətimizlə şantaj dilində danışırdılar”
“Lakin həmin qüvvələr artıq cavablarını aldılar: Türkiyə Azərbaycanı hər zaman qoruyacaq və Qarabağ məsələsi ölkəmizin xeyrinə həll olunub. Səfərin əsas mesajı budur”
Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri baş tutub. Dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib. Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb. Azərbaycan və Türkiyə liderləri Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak ediblər. Dövlət başçıları açılışın rəmzi olan lenti kəsiblər.
Ərdoğan və Əliyev həmçinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməli qoyulub. Prezidentlər Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı durumunu müzakirə ediblər, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımları nəzərdən keçiriblər.
Tarixi səfərlə bağlı “Sherg.az”a danışan siyasi analitik Turab Rzayev vurğulayıb ki, Ərdoğanın Bakıya yox birbaşa Füzuliyə gəlməsi həm ölkə ictimaiyyəti, həm də dünyaya bir mesajdır:
“Türkiyə Prezidentinin bu addımı göstərir ki, artıq Azərbaycan və Türkiyə üçün siyasi mərkəz Bakı yox , Qarabağdır. Dünya ictimaiyyəti Qarabağın Azərbaycan və Türkiyə üçün önəminin nə olduğunu dərk etdi. Bəzi qüvvələr Azərbaycanın Qarabağı azad etməsini qəbullana bilmir, dövlətimizlə şantaj dilində danışırdılar. Lakin həmin qüvvələr artıq cavablarını aldılar: Türkiyə Azərbaycanı hər zaman qoruyacaq və Qarabağ məsələsi ölkəmizin xeyrinə həll olunub. Səfərin əsas mesajı budur.
Digər tərəfdən isə noyabrın ilk 10 günlüyündə Moskvada üçtərəfli görüş baş tutacaq. Yəqin ki, həmin görüşdən əvvəl Füzulidə İlham Əliyev və Ərdoğan arasında mətbuata açıqlanmayan müzakirələr olacaq. Hər iki ölkə liderləri məsləhətləşmələr apara biləcək. Noyabrın 12-də isə Azərbaycan Prezidentinin İstanbula səfəri baş tutacaq. Çox güman ki, bu səfərdən sonra da bağlı qapılar arxasında liderlərin müəyyən məsələləri müzakirə etməsi nəzərdə tutulub . Bu da birbaşa “Şuşa Bəyannaməsi”nin təsdiqidir. Yəni Azərbaycan hər strateji addımı qardaş ölkə ilə birlikdə məsləhətləşərək atır. Moskva görüşündən əvvəl və sonra bu məsləhətləşmələrin aparılması “Şuşa Bəyannməsi”nin əhəmiyyətini bir daha təsdiq etmiş oldu!”.