Azərbaycan lideri dünyaya mesaj verdi: “Sülh sazişi təklif edirik...”

“Sülh sazişini imzalamasalar, bu  onlar üçün ciddi problemlər yaradacaq”

Bu gün Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirdiyi VIII Qlobal Bakı Forumunda çıxış edib. Bir sıra maraqlı məqamlara toxunan dövlət başçısı qeyd edib ki, bizim hərbi imkanlarımıza gəldikdə, bu, münaqişənin həlli üçün əsas səbəb oldu:
“İndi isə münaqişə bitib. 

Artıq qeyd etdiyim kimi, tikinti işləri başlayıb. İndi biz postmünaqişə dövründəyik. Biz Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin sülh müqaviləsi üzərində işləməyə başlayaq. Çünki biz müharibə haqqında deyil, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, bu təklif hələ ki, cavabını almayıb. Eyni zamanda, biz təklif etdik ki, sərhədlərimizin demarkasiya və delimitasiya işlərinə başlayaq, hər iki ölkənin ərazi bütövlüyü təmin edilsin, bu da yenə də beynəlxalq normalarına uyğundur, normal davranışa uyğundur. Əfsuslar olsun ki, bu da cavabını tapmayıb. Azərbaycan 30 illik işğala baxmayaraq, maksimal konstruktivlik göstərib”.

Prezidentin çıxışını yüksək qiymətləndirən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev “Sherg.az”a bildirib ki,  20 min erməninin normal yaşamasını istəyirlərsə, Azərbaycan sülhə razıdır:

"Prezident müharibədən öncə də sülhün tərəfdarı olduğunu qeyd edib.  Müharibə dönəmində də təkliflər irəli sürmüşdü. Ermənistan isə addım atmadı. Azərbaycan  onların "alınmaz qala" hesab etdiyi Şuşanı, eyni zaman da Hadrut qəsəbəsini işğaldan azad etdi.  Ermənistanın daxilində  Azərbaycanla sülhə razı olmayan daşnaksütyun kimi müəyyən qüvvələr var. Onlar dərk etməlidir ki, Azərbaycan tərəfi uzun müddət sülh sazişi təklif edib. "Ohanyan səddi", "sarsılmaz erməni ordusu", "erməni dünyada ən qoçaq xalqdır" kimi  miflər yaratmışdılar. Azərbaycan Ordusu bunu məhv etdi".

C.Nuriyev vurğulayıb ki, Xankəndində Azərbaycan dilini öyrədən mərkəz açılıb:

" Mərkəzin açılması erməni xalqının sülh istədiyinə dəlalətdir. Paşinyan  küçədən gəlmiş adamdır. Ömrü boyu siyasətçi olmayıb, yarımçıq təhsilli, bədbəxt biridir. Dalğa ilə hakimiyyətə gəlib. Azərbaycan bunu yaşayıb, nəticələrini görüb, indi isə Ermənistan o haldadır. Sülh sazişini imzalamasalar, bu  onlar üçün ciddi problemlər yaradacaq. Onsuz da Ermənistam blokadadır, üzü qışa doğru gedir. Qarabağda  erməni terrorçuları müəyyən işlər görür. Elə fikirləşləşirlər ki, sülhməramlılar onların arxasında duracaq, hər cür təxribat törədəcəklər. Azərbaycan isə reaksiya verməyəcək. Böyük səhv edirlər.Rusiya qarşımızda dursa belə, bu, mümkün olmayacaq. Ermənistan dünyaya çıxışının olmasını istəyirsə, bu addımı atmaq məcburiyyətindədir".

Politoloq sonda Azərbaycan liderinin fikirlərinin dünyaya mesaj olduğunu söylədi:

"Sülh tərəfdarı olan ölkə kimi bəyan edirik. İ.Əliyevin ağıllı siyasəti müharibənin zəfərlə nəticələnməsinə səbəb oldu. Belə çıxışlar Ermənistanı sülh müqaviləsi bağlamasına məcbur edəcəyi müstəviyə keçir. Sülh sazişinə razı olmadıqları təqdirdə Azərbaycanın  növbəti  dəfə ermənilərin başına vuracağı "dəmir yumruğa" hüquqi, siyasi, eləcə də mənəvi bazası var. Ermənilərə edilən yardımlarla, yetəri qədər təzyiqlərlə Azərbaycan onları məğlub etməyi bacardısa,  həm hərbi, həm informasiya, həm də siyasi müharibədə yenə Azərbaycanın qələbə çalacağına tam əminəm".