Mircəlal Kazımi: “İnsanların sağlam həyata qaytarılması üçün meyit orqanlarından istifadə labüddür”
Vəfa Şərifova:“Cəmiyyət olaraq donor psixologiyasına bir qədər hazır deyilik”
Müşfiq Məmmədli:“Azərbaycan da prosesləri başladığı andan elə tənzimləmək istəyir ki, başqa ölkələrdə gördüyümüz mənfi təsirlərlə qarşı-qarşıya qalmayaq”
Dünyada milyonlarla insan orqan transplantasiyasi həyata keçirməsə, ölüm təhlükəsi ilə üz-üzə qalır. Azərbaycanda da belə pasiyentlər az deyil. Ancaq Azərbaycanda orqan alqı-satqısı qadağandır. Meyitdən orqan götürülməsinə qanunla icazə verilsə də, reallaşdırılmayıb.
Bəs, bu nə vaxt gerçəkləşəcək?
“Sherg.az” xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru, transplantoloq Mircəlal Kazımi məsələ ilə bağlı fikirlərini bölüşüb:
“2008-ci ildən indiyədək 1500-ə yaxın insan üzərində əməliyyatlar icra olunub. Təəssüflə qeyd edirəm ki, Azərbaycanda orqan köçürülməsi əməliyyatları növü və sayı məhduddur. Qaraciyər və böyrək çatışmazlığı olan şəxslərin yalnız canlı donor şansı var. Digər orqanlara ehtiyac duyan insanların sağlam həyata qaytarılması üçün meyit orqanlarından istifadə labüddür".
Psixoloq Vəfa Şərifova isə deyib ki, cəmiyyət olaraq donor psixologiyasına bir qədər hazır deyilik:
"Səbəb maariflənməyin bir qədər az olmasıdır. Donorun köçürməsinə humanist yanaşmalıyıq. Biz digər insanın həyatını bu yolla xilas edə bilərik".
Həkim, deputat Müşfiq Məmmədli isə prosesin icrası üçün hazırlıq mərhələsi olduğunu bildirib:
"Müvafiq ixtisaslı həkimlərin bu işə cəlb olunması xeyli vaxt tələb edir. Lakin bu istiqamətdə addımlar atılır. Orqan transplantasiyasi əməliyyatları İcbari Tibbi Sığortanın xidmət zərfinə daxil ediləcək".
M.Məmmədli meyitdən donor köçürtmə qanununun gecikməsinin səbəbini vurğulayıb:
"Dünya təcrübəsində köklü çatışmazlıqlar, orqan alveri və digər məsələlər var. Azərbaycan da prosesləri başladığı andan elə tənzimləmək istəyir ki, başqa ölkələrdə gördüyümüz mənfi təsirlərlə qarşı-qarşıya qalmayaq".