Bu ilin 15 martında Şuşada Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı iki partlamış raketin qalıqları aşkarlanıb. ANAMA təmsilçisi açıqlamasında deyib ki, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı "İskəndər" raketlərindən istifadə edib. Onlar bu raketlərin qalıqlarına Şuşada ərazinin minalardan təmizlənməsi zamanı rast gəliblər. Fevral ayında isə Rusiya Müdafiə Nazirliyi hələ Qarabağda münaqişə zamanı heç bir "İskəndər" raket kompleksindən istifadə olunmadığını bildirib.
"Bizdəki təsdiq edilmiş obyektiv və səhih məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişatında bu tip raket komplekslərinin heç biri tətbiq edilmirdi", - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilirdi. ANAMA-nın açıqlaması ilə Rusiya Müdafiə Nazirliyinin bəyanatı ziddiyyət təşkil edir.
Məsələyə münasibət bildirən siyasi analitik Samir Hümbətov "Sherg.az" a bildirib ki, Qarabağ müharibəsi zamanı ərazilərimizə “İskəndər - M ” raketinin atılmasına dair məsələ hələ də diqqət mərkəzindədir. O qeyd edib ki, “İskəndər -M" istifadəsi beynəlxalq hüquqla qadağan edilmiş silahdır:
“Faktiki olaraq istifadə edilib. Rusiya tərəfi bütün mümkün variantlarla məsələni bağlamaq istəyir. Amma hər-halda Azərbaycanın diqqətindədir. Elə proseslər var ki, bu dəqiqə o daha vacibdir. Raketin atılması ilə bağlı tədqiqat işlərinin aparılmasına şübhəm yoxdur.
Sərhəd, kommunikasiya qovşaqlarının qurulması və digər problemlərin həllindən sonra "İskəndər -M" raketinin atılmasının beynəlxalq platformaya daşınacağı gözləniləndir. İndiki durumda tərəflər arasında həll olunası çox mövzu olduğu üçün hələki bu məsələnin müzakirəsi dayandırılıb.
Həm Azərbaycan, həm Ermənistan beynəlxalq məhkəməyə müraciət edib. Həmin məhkəmədə müzakirələr aparılır. Hesab edirəm ki, məhkəmədə raketlərin atılması ilə bağlı iddialar ortaya çıxa bilər".