Şuşada erməni terroru: "Rusiya bəyanatın 4-cü bəndini manipulyasiya ilə icra edir"
 



"Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində erməni təxribatlarının intensivləşdiyinin şahidi oluruq".
Bu barədə "Sherg.az"a siyasi şərhçi Aqşin Kərimov bildirib. Analitikin qənaətincə, görünən odur ki, ermənilər Azərbaycan ordusunun Vətən müharibəsində erməni ordusunun başına ələdiyi oddan, Ermənistan qəbiristanlıqlarını dolduran məhv edilmiş erməni hərbçilərinin taleyindən dərs çıxarmayıb:

"Sən qudurğanlığın həddinə bax ki, bu gün Şuşa şəhəri yaxınlığında erməni terrorçu Norayr Mirzoyan Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb. Tipik erməni xarakteri bu qumbaranı atan erməninin simasında cəmləşib. O, Rusiya sülhməramlıları tərəfindən saxlanılıb. Tarix boyu böyük güclər üçün faydalı axmaq rolunu oynayan erməni amilinin əsas hərəkətverici qüvvəsi terror və təxribatdır. İmza atdığı qanlı hadisələrə həyasızcasına don geyindirmək erməni xislətinin dərinliyində yatan düşüncələrdən qaynaqlanır.
Ermənilərin ASALA terror təşkilatı çox sayda mülki insanı və türkiyəli diplomatı hədəfə alan terror aktları həyata keçirib. Birinci Qarabağ müharibəsində Livanda vətəndaş müharibəsi zamanı terrorçuluq üzrə püxtələşmiş “Arabo” təşkilatı mülki əhaliyə divan tutmaq üçün cəlb edilib.
Qısası, nəticə olaraq söyləyək ki, ermənilərin öz xislətlərindən dolayı başlarında çatlayan hadisələrdən nümunə götürmür.
Erməni “Telegram” kanalları Şuşada təxribat törədən şəxsi “qəhrəman” elan edərək hadisənin videosunu tirajlayır və utanmaz-utanmaz yeni imic formalaşdırmağa çalışırlar.
Azərbaycan Ordusunun gücünə, düşmənə döyüş meydanında hansı dərslər verdiyini xatırlamayan bir düşüncə hansı təhlükələri desən törədər".

A.Kərimov qeyd edib ki, bu hadisə bəzi sualları bir daha aktuallaşdırır:
Birincisi, Qarabağda qalan erməni ordusunun tör-töküntüləri təxribat törətmək üçün mənəvi qidanı haradan alırlar?
İkincisi, Rusiya sülhməramlıların fəaliyyəti demək ki, lazımi məsuliyyət yaratmayıb. Bunun bir səbəbi də sülhməramlıların funksiya və mandatından kənar işlərə girişərək erməni separatçılara qol-qanad verən addımlarıdır. Rusiya özünün imza atdığı üçtərəfli bəyanatın 4-cü bəndinin şərtlərini niyə manipulyasiya ilə icra edir?!".