Bakı məktəblərində istilik problemi: “Uşaqlar evə xəstə qayıdır”


Bakıda bir sıra təhsil müəssisələrində əyani təhsil bərpa olunsa da, istilik problemi hələ də həll olunmayıb. 

Bu barədə Oxu.Az-ın redaksiyasına valideynlər və təhsil müəssisələrində çalışan işçilər tərəfindən müraciətlər daxil olub. 

Belə ki, paytaxtın Yasamal rayonu M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə, Nəsimi rayon S.Hacıyev adına 5 nömrəli məktəbdə, Xətai rayonu Z.Yusifov adına 194 nömrəli tam orta məktəbdə, eləcə də Xətai rayonu M.Əsədov adına 29 saylı orta məktəbdə istilik sistemləri noyabrın 15-dən aktiv hala gətirilməli olsa da, hələ də qoşulmayıb. 

Valideynlər uşaqların məktəbdə soyuqlayıb, xəstələndiyini iddia edərək, istiliklə bağlı problemin həll olunmasını tələb edirlər: “Oxumağa gedən uşaqlar evə xəstə qayıdır”.

Onu da qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyi Oxu.Az-ın sorğusunu cavablandırıb.

Açıqlamada bildirilib ki, bir sıra məktəblərdə istilik təminatı ilə bağlı qarşıya çıxan müəyyən problemlərin aradan qaldırılması istiqamətində “Azəristilik” ASC və “Azəriqaz” İB ilə birgə əməkdaşlıq çərçivəsində işlər görülür. Məktəblərin istiliklə təminatı məsələsi tam nəzarətə götürülüb. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq məktəblərin istiliklə təmin olunmasının normal təşkili üçün müvafiq tədbirlər görülür, zəruri hallarda aidiyyəti qurumlara müraciət olunur.

O da qeyd edilib ki, Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilib.