İki şəhid jurnalistimizin adı beynəlxalq siyahıya salındı

Seymur Verdizadə: "Yüz il də bundan sonra bəşəriyyət vəzifə borcunu yerinə yetirən jurnalistləri öldürən erməni şovinizmini lənətləyəcək"

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi 

Birinci Qarabağ müharibəsi dövründə bir neçə həmkarımız xidməti vəzifəsini yerinə yetirərkən erməni terrorunun qurbanı olub. Eyni zamanda Vətən müharibəsi dövründə jurnalistlər kifayət qədər riskli, çətin müharibə şəraiti ilə qarşılaşıblar. 

44 günlük müharibə ərzində erməni terrorçuları dəfələrlə peşə fəaliyyətini həyata keçirən və fərqləndirici gödəkcələrində olan jurnalistlərə atəş açıblar, nəticədə həmkarlarımız arasında yaralananlar da, şəhidlər də olub. Çox təəssüf ki, müharibənin bitməsindən bir neçə ay keçməsindən sonra xidməti vəzifələrini yerinə yetirən iki jurnalistimiz - Məhərrəm İbrahimov və Sirac Abışov mina partlayışında həyatını itirdi. 

Ötən gün “Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısını açıqlayıb. Təşkilat bu il dünyada qətlə yetirilən media təmsilçiləri ilə bağlı hesabat hazırlayıb. Siyahıda 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni terrorçularının basdırdığı tank əleyhinə minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun da adı var. Hesabata görə, bu il dünyanın 20 ölkəsində 38 jurnalist vəzifə borcunu yerinə yetirərkən öldürülüb. Qeyd edək ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. 1999-cu ildə 100 nömrəli orta məktəbi bitirərək həmin il Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirərək iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında başa vurub. 2004-cü il sentyabrın 1-dən AZƏRTAC-da müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb. 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. İki övladı olan M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilib. 

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. S.Abışov 29 avqust 1989-cu il tarixində Qubadlı şəhərində anadan olub. 2019-cu ildən AzTV-də işləməyə başlayıb. Bir övladı olan S.Abışov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Məsələyə münasibət bildirən Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, "Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə "Şərq"ə açıqlamasında bildirib ki, həmkarlarımız Məhərrəm İbrahimov və Sirac Abışovun adı vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına daxil edilməsi ciddi məsələdir. Baş redaktor qeyd edib ki, aradan illər keçəcək, amma bu fakt dəyişməyəcək: “Yüz il də bundan sonra bəşəriyyət vəzifə borcunu yerinə yetirən jurnalistləri öldürən erməni şovinizmini lənətləyəcək. İki azərbaycanlı jurnalistin terrorun qurbanı olması ermənilərin alnına ömürlük vurulmuş ləkədir. Ermənistan heç vaxt bu ləkəni təmizləyə bilməyəcək. Təəssüf doğuran məqam odur ki, Məhərrəm İbrahimov və Sirac Abışov qətlə yetiriləndə beynəlxalq ictimaiyyət bu qanlı cinayətə yetərli reaksiya vermədi. Əfsuslar olsun ki, biz bu cür həssas məsələdə də ikili standartların şahidi olduq. Özlərini insan hüquq və azadlıqlarının qızğın müdafiəçisi sayan təşkilatlar və onların "müdrik rəhbərləri" ağızlarına su alıb durdular”. 

S.Verdizadə əlavə edib ki, "Sərhədsiz Reportyorlar" təkcə hesabat hazırlamaqla kifayətlənməməlidir: 

“Təşkilat Məhərrəm İbrahimov və Sirac Abışovun qatillərinin qanun qarşısında cəzalandırılmasını tələb etməlidir. Sözsüz ki, Azərbaycanın müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları da bu prosesdə fəal iştirak etməlidir. Bu cür ağır cinayət törətdiyi üçün Ermənistanın ifşasına nail olmalıyıq”.