Ərdoğan: “Türkiyə ilə İsrail arasında dialoqun davam etdirilməsi ümumi maraqlara uyğundur”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Hersoqla telefon danışığı aparıb.

“Haber Global” məlumat verir ki, onlar Türkiyə-İsrail münasibətlərini və regional məsələləri müzakirə ediblər.

Ərdoğan bildirib ki, Türkiyə-İsrail münasibətləri Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün də önəm kəsb edir.

O, həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı anlaşma olduğu təqdirdə fikir ayrılıqlarının minimuma endirilə biləcəyini vurğulayıb.

Bölgədə sülh, tolerantlıq və birgəyaşayış mədəniyyətinin yenidən qurulmasının vacib olduğunu qeyd edən Türkiyə lideri bu baxımdan Fələstin-İsrail əlaqələrinin inkişafı və sülh prosesinin bərpasının prioritet olduğunu deyib.

Ərdoğan Türkiyə ilə İsrail arasında təmas və dialoqun davam etdirilməsinin ümumi maraqlara uyğun olduğunu qeyd edib.