Paşinyan görüşə məcbur edilib: "Həlledici razılaşmaların əldə olunacağı gözləniləndir"

“Azərbaycan Ermənistan sərhədinin Kəlbəcər və Laçın istiqamətində baş verən toqquşmalardan sonra Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın görüşü aktuallaşıb. Əliyevlə Paşinyan Brüsseldə bir araya gələrək müzakirə aparacaqlar”. 
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. 
Analitik vurğulayıb ki, məsələyə yenidən qlobal rəqabət müstəvisindən baxmaq zərurəti yaranıb: 
“İnsidentlərdən sonra Bakıya ABŞ, beynəlxalq təşkilatlar, Türkiyə və Rusiyadan zənglər olub. Ermənistan da beynəlxalq müstəvidə telefon rabitəsi ilə danışıqlar apardı. Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT sədri Ann Lindenin görüşü baş tutdu. Lavrovun bu görüşdən sonra Rusiyanın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın görüşünün keçiriləcəyinə əminliyini ifadə edib. Ancaq görüş Rusiyada yox, Brüsseldə baş tutacaq, görünür ki, Qərb təşəbbüsü ələ alıb. 
Bu onu göstərir ki, görüşün motivlərinə və müzakirə ediləcək gündəliyə dair beynəlxalq aləmdə fikir ayrılıqları mövcuddur. 
Yəni görüş dəstəklənsə də, qlobal güclər maraqlarının ifadəsini dilə gətirirlər. 
Azərbaycanın Ermənistanı növbəti dəfə döyüş meydanında məğlub etməsindən sonra Paşinyan görüşə məcbur edilib. Qlobal tabloda isə maraqların sinxronlaşdırılması prosesi gedir. 

Görüşdə postmünaqişə dövrü üçün həlledici razılaşmaların əldə olunacağı gözləniləndir. Rəsmi açıqlamaların, üzdə olan informasiyaların təhlili belə deməyə əsas verir”.