Qatar çoxdan gedib

Makron İlham Əliyevin qarşısında Paşinyana güzəşt tələb edə bilməz

Fransa prezidentinin ən yaxşı bacardığı şey Azərbaycan liderinin olmadığı bir məkanda ölkəmiz əleyhinə söz deməkdir

Ötən gün Brüsseldə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü fonunda Azərbaycan lideri İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş baş tutub. Görüşün detalları ilə bağlı ətraflı məlumat olmasa da, üç lider arasında axşam saatlarında keçirilən görüşün təqribən 1,5 saat davam etdiyi bildirilib. Maraqlı məqamlardan biri də odur ki, Makron Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçirilən gün Rusiya rəhbəri Vladimir Putinlə telefon əlaqəsi saxlayıb. 

Tərəflər telefon zəngi zamanı Azərbaycan-Ermənistan məsələlərini müzakirə ediblər. Kremlin məlumatında bildirilib ki, Putin Makronu 26 noyabr 2021-ci il Soçi görüşü haqda məlumatlandırıb. Putin eyni zamanda “qaçqınların qayıtması, ticari-iqtisadi və kommunikasiya əlaqələrinin bərpası istiqamətində” iş aparıldığını bildirib. Liderlər müzakirə olunan məsələlər barədə növbəti dəfə danışmaq barədə razılaşıblar. Fransanın mövqeyi aydındır. 

Çox güman ki, Makron görüş təşəbbüsündə problemin həllindən daha çox İrəvanı müdafiə məqsədi güdürmüş. Makronun görüşdən sonra atdığı tvit də bunu deməyə əsas verir. Fransa prezidenti görüşdən dərhal sonra sosial şəbəkədə belə yazıb: “Erməniləri heç vaxt tək qoymayacağıq”. 

Brüsseldə Fransanın vasitəçiliyi ilə baş tutan qeyri-rəsmi görüşü “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev hesab edir ki, Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında reallaşan qısa görüşdə hansısa ciddi məsələnin müzakirə edildiyi inandırıcı deyil. 

Partiya təmsilçisi bildirib ki, hər zaman ermənipərəst mövqeyi ilə ön plana çıxan Makron Prezident İlham Əliyevin qarşısında Paşinyan üçün güzəşt tələb edə, baş nazirin müdafiəsinə qalxa bilməz: “Makronun ən yaxşı bacardığı şey Azərbaycan liderinin olmadığı bir məkanda ölkəmiz əleyhinə söz demək, Ermənistanı müdafiə etməkdir. 

Fransa prezidenti ancaq görüşdən sonra “erməniləri heç vaxt tək qoymayacağıq” deyə bilərdi. Özü də bunu siyasi təmaslarda açıq səsləndirmir, sadəcə, sosial şəbəkə hesabından yazır. Lakin artıq Paşinyana “sevgi” tvitlərinin heç bir mahiyyəti yoxdur. Qatar çoxdan gedib və ermənilər təkləniblər. Çox yaxın gələcəkdə Azərbaycan bölgədə mövqelərini daha da gücləndirəcək və Qarabağ bütünlüklə nəzarətimizə keçəcək”. 

Politoloq bəyan edib ki, Brüsseldə müxtəlif variantlı görüşlərdən sonra verilən bütün açıqlamalarda münaqişənin bitdiyi və bundan sonra sülh şəraitində yaşamağın yolları barədə danışıldı:

 “Bu, o deməkdir ki, NATO və Avropa İttifaqı Azərbaycanla keçmişdə olduğu kimi təzyiq və tələblə deyil, tərəfdaş və qalib ölkə kimi davranmağa başlayıb. Bu ritorika Şarl Mişel və hərbi alyansın baş katibi Y.Stoltenberqin bəyanatında açıq göründü. Həmçinin, imzalanan sənədlərdə və bəyanatlarda Qarabağın hər hansı “statusa” malik olması barədə bir kəlmə də yazılmadı. Naxçıvan istiqamətində kommunikasiyaların açılması hər iki tərəfi qane edən ciddi uğur oldu.

 Bu variant bizə Qarabağda tam nəzarəti həyata keçirmək üçün gözəl fürsət verdi. Prezident lham Əliyevin görüş öncəsi kommunikasiyaların açılması məsələsində qoyduğu şərt danışıqların mahiyyətinə və istiqamətinə ciddi təsir etdi. Növbəti mərhələdə Laçın rayonuna tam nəzarəti həyata keçirmək üçün fəaliyyətimizi davam etdirməliyik”.