İslahat davam edir:“Sərəncamlar əhalinin rifahını yaxşılaşdırmağa yönəlib”



Şahin Elxanoğlu:“Belə bir vəziyyətdə minimum əməkhaqqının 250 manatdan 300 manata artırılması və bunun 800 min nəfərə şamil olunmasını yüksək qiymətləndirirəm”

“Hökumət inflyasiyaları nəzərə alaraq, vəziyyəti tənzimləyir. Sosial dəstəklə alıcılıq qabiliyyətinin artmasına töhfə veriləcək”

“Hökumətin islahatları zəif təbəqəni bahalaşmadan qorumağa hesablanıb”

Azərbaycanda vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının bu günlərdə imzaladığı yeni Fərman və sərəncamlar bu istiqamətdə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə başlanmasını təmin etdi.

Bu yeni islahatlar mərhələsi - 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.

Azərbaycanda əməkhaqqı sahəsində mühüm addım atıldı. Prezident İlham Əliyevin 2021-ci il 17 dekabr tarixdə imzaladığı Sərəncamla  minimum aylıq əməkhaqqının məbləği yüksəldilərək 250 manatdan 300 manata çatdırıldı. Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək.

Minimum əməkhaqqı artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçinin işçini əhatə edəcək.

Dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə çoxaldılaraq 130 manatdan 300 manata çatdırılıb.

Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, əməyin leqallaşdırılmasını da stimullaşdırır.

Gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43 faiz üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki  26,5 faizdən 2019-cu ildə 33,3 faizə, 2020-ci ildə 38faizə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41 faiz səviyyəsinə yüksələcək. Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur.

Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Vahid tarif cədvəli (VTC) üzrə artıma nəzər yetirsək, minimum əməkhaqqının artımı VTC-nin bütün pillələri üzrə artımlara – orta hesabla 20 faiz artıma imkan verəcək.

Bu məqsədlə Nazirlər Kabineti həmin işçilərin tarif (vəzifə) maaşlarını minimum əməkhaqqı artımına uyğunlaşdırılmış şəkildə, əməyin ödənilməsinin dərəcələri üzrə artımlarla ifadə edən yeni cədvəli təsdiq edəcək. Cədvəldə işçilərin maaşları hər bir dərəcə üzrə artırılmış məbləğlərdə əksini tapacaq. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı, balıqartırma sahələrində  çalışanlar daxildir.

Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq.

Yeni ilin 1 yanvarınadək qüvvədə olan mövcud 19 pilləli VTC üzrə əməkhaqlarının minimal həddi 250, maksimal həddi 906 manatdır. Təsdiqlənəcək yeni cədvəldə bu göstəricilərdə minimum əməkhaqqı artımına uyğun artımlar olacaq.Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq.

Təhsil işçilərinin əməkhaqqında da artım olacaq. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 17-də imzaladığı yeni iki Sərəncam isə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğınınnövbəti təzahürüdür.
Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20faiz, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40faiz çoxaldılır. 

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40 faiz, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30 faiz artırılır.
Bu əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Artımlar üçün dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların əməkdaşları əməkhaqqı artımından faydalana biləcək. Prezident İlham Əliyevin daha bir yeni Sərəncamı dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Həmin işçilərin maaşları da 2022-ci il yanvarın 1-dən orta hesabla 20faiz artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.  Həmin təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır.

Məlum artımların vətəndaşlarımızın sosial rifahına göstərəcəyi təsirlərlə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Şahin Elxanoğlunun fikrincə, növbəti il dünya bazarında qiymət artacaq:

“İnflyasiya 2017-ci ildən sonra ən yüksək səviyyəyə qalxıb. Ərzaq məhsullarının, qeyri-ərzaq məhsullarının, kommunal xidmətlərin qiyməti artıb. Belə bir vəziyyətdə minimum əməkhaqqının 250 manatdan 300 manata artırılması və bunun 800 min nəfərə şamil olunmasını yüksək qiymətləndirirəm. Tələbə təqaüdlərinin artırılması, təhsil işçilərinin əməkhaqqının yüksəldilməsi, əlbəttə, müsbət addımdır. Bu kimi artımlar insanların alıcılıq gücünü daha da artırır və bu da yerli istehsalın payının artması deməkdir”.

İqtisadçı Xalid Kərimli bildirib ki, əhalinin maddi imkanlarının zəifləməsi bazardakı ümumi iqtisadi aktivliyə təsirini göstərəcək:

“2020-ci ildən başlayan inflyasiyanın nəticəsində yaranan vəziyyət Azərbaycanın daxili bazarına da təsirsiz ötüşmədi. Son 12 ayda inflyasiya 11faizi və ərzaq qiymətlərinin qiyməti isə 15 faizi keçib. Nəticədə minimum əməkhaqqı alan vətəndaşların vəziyyəti pisləşəcək, onların alıcılıq qabiliyyətini aşağı düşəcək.
Prezidentin sərəncamları maddi cəhətdən zəif imkanları olan əhalinin maddi çətinliyini aradan qaldırmağa xidmət edir. Hökumət inflyasiyaları nəzərə alaraq, vəziyyəti tənzimləyir. Sosial dəstəklə alıcılıq qabiliyyətinin artmasına töhfə veriləcək. Hökumətin islahatları zəif təbəqəni bahalaşmadan qorumağa hesablanıb”.
Xanlar ƏLİBƏY