İran XİN başçısı Bakıda! – Əmirabdullahianın portfelində nələr var? – Tehran “kartları” açır! 

“İranın Azərbaycana münasibətdə mövqeyinin kökündə əsaslı dəyişiklik olmasını düşünmək  sadəlövhlük olardı”

“Cənub qonşumuz  sadəcə Cənubi Qafqazda yaranan yeni reallıqları qəbul etməli oldu, buna görə də, öz aqressiv ritorikasını ehtiyata atdı”

“Hazırda Qərb rəsmi Tehranı nüvə danışıqlarında praktiki nəticələr hasil edən əsaslı güzəştlərə məcbur etmək istəyir. Görünür ki, bu, Rusiyanın, Çinin də marağındadır. Qərb bu məsələdə təlimatların çoxunu İsraildən alır”

“Abdullahian Bakı səfərində, gələcəkdə hər hansı mübahisəli məsələlər olacağı təqdirdə, Azərbaycanın tutacağı mövqenin dəqiqləşdirilməsini öyrənmək istəyir”


İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Azərbaycanda səfərdədir. Səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçirilir. O, birgünlük səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və aktual regional məsələlər müzakirə olunacaq. İranın xarici işlər naziri rəsmi Bakı ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müxtəlif təşəbbüslərinin olduğunu və bunları Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə də qaldıracağını deyib. Səfər çərçivəsində C.Bayramovla H.Əmirabdullahian birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, ötən iki ayda Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmilərinin Tehrana səfəri olub. Bu ay isə iki ölkənin prezidentləri İlham Əliyev və İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Aşqabatda keçirilən sammiti çərçivəsində görüşüblər.


Səfərin əhəmiyyətini “Sherg.az”a şərh edən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, İran Zəngəzur dəhlizinə qarşı deyil:

“İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Bakı səfərinin mahiyyəti iki ölkə arasındakı münasibətlər kontekstində dəyərləndirildikdə biz burada iqtisadi-ticari əlaqələrin inkişafının prioritet olduğunu söyləyə bilərik. Azərbaycanla İran arasındakı münasibətlərin təməlində iqtisadi konstruksiyalar üstünlük təşkil edir. Buna görə də, İran, Azərbaycan, Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılıq əldə ediblər. Bu Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri arasında yeni əlaqələndirmə platformasıdır. Bundan başqa Türkmənistan qazının İran üzərindən Azərbaycana nəqli barədə də Bakı-Tehran-Aşqabad üçbucağında razılıq əldə edilib ki, bu da “Transxəzər” qaz kəməri layihəsinin reallaşmasını aktual hala gətirir. Azərbaycan-İran iqtisadi münasibətlərinin digər aspekti Xudafərin körpüsü üzərində tikiləcək su elektrik stansiyaları ilə bağlıdır.

İranın Zəngəzur dəhlizinə qoşulacağı barədə xoşməramlı mesajlar da Bakı-Tehran münasibətlərindəki iqtisadi bağları möhkəmləndirən faktora çevriləcək. Əslində İran Zəngəzur dəhlizinə qarşı deyildi, İranın etiraz etdiyi məqam bu dəhlizin Azərbaycan-Ermənistan sərhəd delimitasiyası fonunda reallaşacağı ilə bağlı idi. Bütün bunlar Abdullahianın Bakıya gətirdiyi portfeldəki sənədlərin məzmununa daxildir. Ancaq düşünmək üçün kifayət qədər əsaslar var ki, Azərbaycanla İran arasındakı siyasi münasibətlərdə əhəmiyyətli irəliləyiş əldə olunmayacaq. Düzdür, İranın Azərbaycanla sərhəd boyu zonalarda keçirdiyi hərbi təlimlər zamanı Bakı-Tehran münasibətlərində müşahidə edilən gərginlik indi yoxdur.  Lakin İranın Azərbaycana münasibətdə mövqeyinin kökündə əsaslı dəyişiklik olmasını düşünmək də sadəlövhlük olardı.  İran sadəcə Cənubi Qafqazda yaranan yeni reallıqları qəbul etməli oldu, buna görə də, öz aqressiv ritorikasını ehtiyata atdı.

Digər aspekdən söhbət ondan gedir ki, İranla “altılıq ölkələri” (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü+Almaniya) arasında nüvə danışıqlarının keçirilməsi gözlənilir. Hazırda Qərb İranı nüvə danışıqlarında praktiki nəticələr hasil edən əsaslı güzəştlərə məcbur etmək istəyir. Görünür ki, bu, Rusiyanın, Çinin də marağındadır. Qərb bu məsələdə təlimatların çoxunu İsraildən alır, buna görə də Qərb Cənubi Qafqazda yaranan reallıqları İranın əleyhinə yönəltmək istiqamətində çalışır. Düşünürəm ki, Abdullahian Bakı səfərində, gələcəkdə hər hansı mübahisəli məsələlər olacağı təqdirdə, Azərbaycanın tutacağı mövqenin dəqiqləşdirilməsini öyrənmək istəyir. Ümumilikdə Azərbaycan-İran siyasi magistralında nahamarlıq olsa da, iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı reallaşacaq”.

Xanlar ƏLİBƏY