Qar "qapını döydü" - Qurumlar qışa hazırdırlarmı? - RƏSMİ CAVABLAR

Bütün əlaqədar strukturlar gücləndirilmiş iş rejiminə keçib

Dünən saat 19:59:18-də Azərbaycana qış fəsli daxil olub. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə olur. Dünən ən qısa gündüz və ən uzun gecə müşahidə olunur.
Qış fəsli özü ilə bərabər bəzi çətinlikləri də gətirir. Yolların buz bağlaması, gölməçələrin yaranması və bir sıra problemlərin baş verməsi halları hər il müşahidə olunur. Sakinlər ənənəvi problemlərin təkrar yaşanacağından narahatdır.  

“Şərq” saytı olaraq “Azərişıq” ASC-yə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA), "Azəristiliktəchizat" ASC-yə, "Azəriqaz" İstehsalat Birliyinə (İB), “Azərsu” ASC-yə, Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) sorğu ünvanladıq.  “Azərsu” ASC və BŞİH zənglərimizə cavab vermədi.

Sorğumuza cavab olaraq, “AZƏRİŞIQ” ASC-nin “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri  Vaqif Aydınoğlu bildirdi ki, bu sahə üzrə genişmiqyaslı tədbirlər həyata keçirilib:

“Azərişıq” ASC respublika ərazisində qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün genişmiqyaslı  tədbirlər həyata keçirib. Artıq Səhmdar Cəmiyyətdə mövsümi xarakterli işlərin görülməsi tədricən tarixin arxivinə qovuşur. Həyata keçirilən yenidənqurma və bərpa işləri müasir metodlarla aparıldığından, bu tədbirlər bütün fəsillər üçün keçərlidir.

Qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik verilişi xətlərinin normal və qəzasız iş rejiminin yaradılması məqsədilə ciddi və təxirəsalınmaz tədbirlər hələ yay aylarında həyata keçirilib. “Azərişıq” ASC müasir elektrik enerjisi təchizatı sistemlərini elə formalaşdırır ki, təbiət hadisələri, kənar müdaxilə faktorları istehlakçıların fasiləsiz enerji təminatına daha az təsir etsin. Abonentlərimizin hər hansı bir sualı yaranarsa, dərhal 199 qısa nömrəsinə zəng edərək Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar. 24 saat fasiləsiz xidmət göstərən “Qəza Xidməti”nin operativ müdaxiləsi nəticəsində baş verən nasazlıq qısa vaxt ərzində aradan qaldırılacaq. Paylayıcı şəbəkələrin yenilənməsi, gücləndirilməsi və müasirləşdirilməsi prioritet hədəflər olmaqla yanaşı, elektrik enerjisi itkilərinin azaldıması da xüsusi diqqətdə saxlanılır”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin verdiyi məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri tamamlanıb:

Qeyd edim ki, agentlik olaraq payız-qış mövsümünə hazırlıq işlərinə oktyabr ayının 1-dən start vermişik. Tədbirlər planına uyğun olaraq müəyyən işlərin həyata keçirilməsinə start verilib. Ümumilikdə isə respublika üzrə 400-dən artıq sırf qarın təmizlənməsi və duz-qum ehtiyatının daşınması üçün maşın-mexanizm hazır vəziyyətə gətirilib və kifayət qədər duz-qum ehtiyatı toplanıb. Bakı şəhərində o qədərdə qış fəsli özünü büruzə verməsə də, regionlarda, rayonlarda, dağlıq və dağətəyi ərazilərdə artıq qarın yağması nəticəsində yolların buzlaşması müşahidə olunur. Bu kimi hallar baş verdikdə dərhal əraziyə müdaxilə olunur və problem qısa müddət ərzində aradan qaldırılır. Əgər ehtiyac olarsa, Bakı Şəhər İcra Hakimiyyətinə kömək məqsədi ilə maşın-mexanizmlərin cəlb edilməsi prosesində qarşılıqlı işlər həyata keçirə bilərik. Payız-qış mövsümünə hazırlıq, qarın təmizlənməsi və yollarda buzun əridilməsi istiqamətində işlərə tam olaraq hazırıq. Bu o demək deyil ki, hər hansı bir ərazidə problem müşahidə olunmayacaq. Təbii ki, qarın yağması yolların buzlaşması nəticəsində müəyyən problemlər ola bilər. Biz agentlik olaraq qısa müddət ərzində həmin problemin aradan qaldırılmasına çalışacağıq”.

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev gücləndirilmiş iş rejiminə keçid edildiyini qeyd edib:

“Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı edilən xəbərdarlıqla əlaqədar "Azəristilik" təchizatın bütün qurumlarına gücləndirilmiş iş rejiminə keçilməsi haqqında müvafiq göstəriş verilib. Hazırda "Azəristilik" təchizatın 563 qazanxanası və 88 istilik məntəqəsi nomral rejimdə fəaliyyətini davam etdirir. Həmin qazanxanalar vasitəsilə 3870 yaşayış binası və qazanxanaların xidmət zonalarına daxil olan bütün məktəb, uşaq bağçaları, səhiyyə müəssisələri və digər sosial və təsərrüfat obyektləri normal istiliklə təmin olunurlar. Gücləndirilmiş iş rejiminə keçilməsi ilə əlaqədər olaraq həmin günlərdə yaşayış binaları və sosial obyektlərdə istiliyə olan tələbatın artacağını nəzərə alaraq qazanxana və istilik məntəqələrində temperatur qrafikinə ciddi əməl olunması, gecə növbəsində çalışanların sayının artırılması, bundan başqa baş verə biləcək qəzaların operativ aradan qaldırılması üçün aidiyyəti xidmətlərin məsul şəxslərinə, öz xidmət sahələrində növbətçilik yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda 24 saat ərzində fasiləsiz rejimdə fəaliyyət göstərən mərkəzi dispetçer xidməti və 956 nömrəli çağrı mərkəzinin də həmin günlərdə işçilərinin sayının artırılması ilə bağlı göstəriş verilib. Vətəndaşlar yaranan problemlərlə bağlı "Azəristilik" təchizatın “956” çağrı mərkəzinə və ya rəsmi facebook səhifəsinə müraciət edə bilərlər”.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev qurumun soyuq havalara qarşı hazırlıqlı olduğunu bildirib:

“Qış aylarına xarakterik olan soyuq hava şəraitində "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşlarının abonentlərə davamlı olaraq təhlükəsiz mavi yanacağın verilməsi ilə bağlı işləri mükəmməl formada təşkil olunub. Bizim mobil qruplar xeyli müddətdir ki, fəaliyyət göstərir. İstənilən müraciətə dərhal reaksiya veriləcək və problemin həlli istiqamətində işlər görüləcək. "Azəriqaz" ASC-nin adekvat qüvvəsi var”.
 
Xanlar ƏLİBƏY