Bəyanatın gizlinləri: “Ruslar olmasaydı, ermənilər Qarabağdan çoxdan çıxmışdılar”

“Rusiya hərbçilərinin özbaşınalığına son qoyulmalıdır”

“S.Şoyqu sülhməramlıların Qarabağda kök salmasına “don geydirir””

“Azərbaycan isə onlara güzəştə getməyəcək”

Dekabrın 22-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin bölgədə sülhün qorunub saxlanmasında təminatçı olduğunu bildirib. O qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda və ona bitişik rayonlarda dinc həyatın bərqərar olması üçün şərait yaradır. Həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpasına kömək edir. 

Şoyqu vurğulayıb ki, regionda bir dənə də olsun ciddi insident baş verməyib. Rus sülhməramlılarının mandatı sülhün qorunmasını nəzərdə tutsa da, onların fəaliyyəti humanitar problemlərdən tutmuş infrastruktur layihələrədək geniş sahəni əhatə edir. 

Rəsmi Bakı Rusiya sülhməramlılarının fəaliyyətindən narazı olduğunu bir neçə dəfə nəzərə çatdırıb.

Şoyqunun bəyanatındakı gizli kodları açan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Sherg.az”a bildirib ki, Rusiyanın müdafiə nazirinin açıqlaması yuxarı dairələrin sifarişidir:

“Rusiya Azərbaycan-Ermənistan sərhədində baş verən bütün insidentləri ört-basdır etməyə çalışır. Bu hadisələrə Rusiya sülhməramlıları nəzarət etməlidir. Həmçinin bölgədəki erməni separatçılarının tərk-silah edilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin onlar vəzifələrini icra etmək əvəzinə separatçıları qorumağa çalışırlar. Hətta Rusiya sülhməramlıları Qarabağda yaşamayan erməniləri zorla avtobuslara doldurub Xankəndinə daşımaqdan da çəkinmirlər.

 Əgər Rusiya hərbçiləri burada olmasaydı, ermənilər Qarabağı çoxdan tərk etmişdilər.
Bu yaxınlarda Fransada prezidentliyə namizəd Valeri Pekress Qarabağa qanunsuz səfər etdi.

 Sülhməramlılar bu qadının öz ölkəsində erməni təbliğatı apardığını, Azərbaycanı təhdid etdiyini bilsələr də, onun səfərinin qarşısını almadılar. Rusiya hərbçilərinin özbaşınalığına son qoyulmalıdır. S.Şoyqu sülhməramlıların Qarabağda kök salmasına “don geydirir”. Azərbaycan isə onlara güzəştə getməyəcək. Dekabrın 28-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin görüşü keçiriləcək. Mühüm görüşdən öncə S.Şoyqunun belə ifadə işlətməsi qəbulolunmazdır”.

Xanlar ƏLİBƏY