Azərbaycan Ermənistana qarşı bir neçə iddia qaldıracaq

arici işlər naziri Ceyhun Bayramov 2022-ci ildə qarşıda duran vəzifələri açıqlayıb

 Yaxın zamanlarda bir neçə konvensiya üzrə, ilkin olaraq ekologiya, ətraf mühitə dəymiş ziyan, Azərbaycanın enerji resurslarından qanunsuz istifadəyə dair Ermənistanı məsuliyyətə cəlb etmək üçün Azərbaycan beynəlxalq arbitraj məhkəmələrinə müraciət edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bu, 2022-ci ildə qarşıda duran vəzifələr sırasındadır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı müvəqqəti təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı qərar verib.
Məhkəmənin qərarına əsasən, Ermənistan dövləti azərbaycanlılara qarşı etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı təcili tədbirlər görməlidir. Bunu məhkəmənin sədri Coan Donohyu deyib.
"Ermənistan Respublikası BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyası çərçivəsində götürdüyü öhdəliklərinə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər tərəfindən də daxil olmaqla azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrı-seçkiliyə təhrik və təşviqin qarşısını almalıdır", - məhkəmə sədri qeyd edib.
Həmçinin məhkəmə hər iki tərəfi vəziyyətin pisləşməsinə səbəb ola biləcək istənilən addımlardan çəkinməyə çağırıb.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı əsas iddiası və məqsədi olan "müharibə məhbuslarının dərhal geri qaytarılması", Hərbi Qənimətlər Parkının bağlanması və Azərbaycan tərəfindən guya törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair iddiaları təmin etməyib.
Ermənistan sentyabrın 16-da BMT məhkəməsinə müraciət edərək Azərbaycanın guya ermənilərə qarşı irqi ayrı-seçkilik etməsinə görə iddia qaldırmışdı. Bundan bir həftə sonra isə Azərbaycan qarşılıqlı iddia ərizəsini Haaqadakı məhkəməyə tədim etdi.