“Revanşist qüvvələrin planlarını pozmalıyıq” – AKTUAL

2022-ci ilin yanvar-aprel aylarında ölkəmiz ATƏT-in Təhlüksizlik üzrə Əməkdaşlıq forumuna sədrlik edəcək.
Bu barədə Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasəti sahəsində ilin yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı bildirib. O qeyd edib ki, ATƏT-in hərbi siyasi ölçüsünü əhatə edən və təşkilatın bu sahədə əsas strukturunu təşkil edən bu quruma sədrlik bir tərəfdən çox məsuliyyətlidir. Nazirin fikrincə, digər tərəfdən isə bu mövzu ölkəmizin mövqeyinin çatdırılmasının və inkişaf etdirilməsi üçün çox əlverişli bir platformadır.

Foruma sədrliyin Azərbaycana vəd etdiyi dvidentlərlə bağlı “Sherg.az”a danışan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov qeyd edib ki, bu, tariximizdə çox mühüm hadisə olacaq:

“2022-ci ildə ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq forumuna Azərbaycanın sədrliyi çox əhəmiyyətli olacaq. Əvvəllər qaçqın və məcburi köçkünlərin təhlükəsizliyi ilə bağlı məsələləri gündəmdə idi. Torpaqlarımızı işğaldan azad etdikdən sonra sülhü təmin etmək əsas amalımız oldu.
İndi isə əsas məqsəd qara qüvvələrin təhlükəsizliyimizə zərər yetirməyinin qarşısını almaqdır. Bizə qarşı revanşist qüvvələrin mənfi cəhdlərini, planlarını pozmalıyıq. Sədrlik etdiyimiz müddətdə bizim təhlükəsizliyimiz də müdafiə olunacaq”.

Xanlar ƏLİBƏY