Ordunu gözdən salmaq istəyən qüvvələrə aman vermək olmaz

Rəsmilər şəhid anasını dinləməli və narahatlığına aydınlıq gətirilməlidir

   Milli Qəhrəman, şəhid generalımız Polad Həşimovun anası Səmayə Həşimovanın səsləndirdiyi ittihamlar sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. İddialar düşmən mətbuatının da manşetini bəzəyib. Ermənilər Azərbaycan Ordusunu gözdən salmaq üçün əsassız söz-söhbətdən ölkəmiz əleyhinə gen-bol istifadə ediblər. Xatırladaq ki, şəhid Polad Həşimovun anası oğlunun ölümü ilə bağlı Silahlı Qüvvələrin rəhbər şəxslərini suçlayıb, övladının vəzifəyə görə, qəsdən “öldürüldüyünü” iddia edib. Ekspertlərə görə, müzəffər Ordumuza və təcrübəli generallarımıza qarşı bu cür ittihamların səsləndirilməsi heç də təsadüfi deyil. General Polad Həşimovu şəhadət zirvəsindən adi qətl səviyyəsinə endirmək istəyənlərin məramı qalib Ordumuza qarşı sosial şəbəkələrdə çoxdan başlanan kampaniyanın daha da körüklənməsidir.

Polad Həşimovun adını və onun ailə üzvlərini öz çirkin məqsədlərinə qurban verənlərin qayəsi Azərbaycan Ordusunu gözdən salmaqdır. Əlbəttə, şəhid anaları başımızın tacı, haqsız olsalar belə, gözümüzün nurudurlar. Amma onları məkrli məqsədlər üçün danışdıranlar, müqəddəs duyğulardan sui-istifadə edənlər isə vətən xainləridir. Onların təxribat əməlləri milli təhlükəsizliyimizə təhdid, şəhidlərimizin ruhuna hörmətsizlikdir. Onu da anlamaq lazımdır ki, Polad kimi oğullar sadəcə bir ailənin övladı deyil, bütöv millətin, dövlətin oğullarıdır. Üstəlik, Polad Həşimov İkinci Qarabağ müharibəsinin müqəddəs simvollarından biridir. Söhbət Ordumuzdan, şəhidlərimizdən, onların ailə üzvlərindən gedirsə, maksimum həssas davranmalıyıq. Düşmən Vətən müharibəsində məğlub olandan sonra müxtəlif vasitələrlə Azərbaycanın qələbəsinə kölgə salmağa çalışır. İctimaiyyət nümayəndələri hesab edirlər ki, bu cür aksiyalar planlı şəkildə düşünülmüş və istiqamətləndirilmiş layihələrdir. Hədəf Azərbaycana Şanlı Zəfər qazandıran müzəffər Ordumuz və yüksək rütbəli hərbçilərdir. O səbəbdən çox diqqətli olmalı və bu cür məsələlərə məhz dövlətçilik mövqeyindən yanaşmalıyıq. 

Günlərdir müzakirə olunan mövzunu “Şərq”ə dəyərləndirən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, şəhid anasına düzgün məlumat verilmədiyi üçün müəyyən inciklik və narazılığın yaranması mümkündür. Amma bu, əsas vermir ki, cəmiyyətimizdə böyük hörmət və etiramla anılan şəhid generalımızın adı üzərindən bu cür ittihamlar səsləndirilsin:

 “Polad Həşimovun anası Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevi ittiham edir. Mən o adamı şəxsən tanıyıram. General-polkovnik Kərim Vəliyev orduya daxil olandan bugünədək bir dəfə olsun hansısa qalmaqalda adı hallanmayıb. Korpus komandanı, müdafiə nazirinin müavini kimi yüksək vəzifələri uğurla icra edib, daim döyüş bölgələrində, döyüş vəziyyətində olub. Səmayə ananın hansısa məsələdə narahatlığı var idisə, istənilən adamla rahat şəkildə görüşə bilərdi. Şəhid anasını ən yüksək səviyyədə qəbul edərdilər və dinləyərdilər.

 Amma məsələnin bu şəkildə ictimailəşdirilməsi, əsası olmayan ittihamların səsləndirilməsi qətiyyən yolverilməzdir. Belə qalmaqal bizim əleyhimizədir. Ermənilər teleqram kanallarında bu hadisəni tirajlayaraq, müzəffər Ordumuzu aşağılayırlar. Düşmən öz maraqları üçün bundan maksimum istifadə edir. Bunun ictimailəşdirilməsi bizi istəməyən, ordunu gözdən salmaq istəyən qüvvələrin əlinə fürsət verdi. Baş verənlər Ordumuz üçün xoşagəlməz haldır. Səmayə ana bu şəkildə hərəkət etməməliydi. 

Artıq ox yaydan çıxıb. Bundan sonra rəsmilər şəhid anasını dinləməli və narahatlığına aydınlıq gətirməlidirlər ki, o da rahatlıq tapsın”.