Rusiya və Ukrayna rəsmilərinin görüşündən GÖZLƏNTİLƏR - Nəticə olacaqmı? - ŞƏRH 




Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
“Sherg.az” xəbər verir ki, bu barədə Ukraynanın “Seqodnya” nəşri məlumat yayıb.
Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.
Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilib. Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yeri açıqlanmayıb.
Rəsmi Kiyevin nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Ali Radanın deputatı Rüstəm Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski daxildir.
Rusiyanın heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edib.  

Qeyd edək ki, beş gündür, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları davam edir.  Ukrayna rəsmi Moskvanın hərbi təcavüzdən əl çəkməsini və atəşkəsin olmasını tələb edir. Rusiyanın sülh üçün, yoxsa öz mənfəəti üçün  addımlar atacağı məlum deyil.

Həmçinin rəsmi Kiyevin Avropa İttifaqına üzv olmaq istəyi də mühüm məqamlardan biridir. Aİ-də müzakirə olunub. Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel  Aİ daxilində Ukraynanın üzvlüyü ilə bağlı müxtəlif fikirlər olduğunu cavablandırıb.

Sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn mövzunu “Sherg.az”a  şərh edərkən tərəflərin mövqeyini bildirib:

“Hər kəs istəyir, Rusiyanın aqressiv addımları sülh yolu ilə dayandırılsın. Rəsmi Kiyev Ukraynanın neytral statusu haqqında öhdəliyinin verilməsi ilə bağlı müzakirəyə hazır olduqlarını bildirib. Söhbət NATO-ya daxil olmamaqdan gedir. Yəqin ki, bu istiqamətdə də tərəflərin mövqeyi aşkarlanacaq. Rusiya isə, təslim aktı tələb edir. Bu, hüquqa və ədalətə ziddir”.
P.Hüseyn məlum iclasdan bəhs edib:

“Hazırda görüşün normal nəticə ilə bitməsi ümidsiz görünür. Yenə də müharibədən daha yaxşıdır. Rusiya haqsızdır. Qeyd-şərtsiz Ukrayna torpaqlarından çıxmalıdır.  Bizim də vətəndaşlarımız orada əziyyət çəkir, itkilər var. Ümumiyyətlə, beynəlxalq aləm üçün ciddi təhlükə yaranıb. Ona görə də, dərhal Rusiyanın təcavüzünə əngəl olunmalıdır. Bunun nəticələri Donbas daxil Ukraynanın suverenliyi ilə nəricələnməlidir”.
Cəmilə ƏZİM