Ceyhun Məmmədov: “Şuşaya səfər edib proseslərlə yaxından tanış olmaq işlərin reallaşması baxımından çox əhəmiyyətlidir”
Cavid Osmanov:“Şuşa ölkəmiz üçün strateji məkandır. Belə iclasın keçirilməsi isə vacib məqamdır"
Ötən gün Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin rəhbərliyi və dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Şuşada müşavirə keçirilib. Belə ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin üzvləri Şuşanın tarixi-mədəni abidələrini ziyarət ediblər.
Şuşa şəhərində icra olunan layihələr, aparılan bərpa, abadlıq-quruculuq işləri barədə aidiyyəti qurumların rəhbər şəxsləri ətraflı məlumat verib.
Şuşada gerçəkləşən toplantını "Sherg.az"a şərh edən millət vəkili Ceyhun Məmmədov bildirib ki, bu çox önəmli bir səfərdir:
"Zaman - zaman heyət görüşür, Qarabağla bağlı görülən işləri müzakirə edirdilər. Müəyyən müzakirələr aparılır. Şuşaya səfər edib proseslərlə yaxından tanış olmaq işlərin reallaşması baxımından çox əhəmiyyətlidir. Həmin heyətin görülən işlərə yaxından nəzər salması önəmlidir. Məsələlərə yerində baxılır, təhlil edilir. Bütün hallarda məsələ ilə yerində tanış olub müzakirə aparmaq daha yaxşıdır. Bu addım Şuşada görülən işlərin sürətlənməsinə töhfəsini verəcək".
Şuşa müşavirəsindən danışan millət vəkili Cavid Osmanov isə öz növbəsində müharibədən sonra həyata keçirilən işlər barədə fikirlərini bölüşüb:
"44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan 30 illik həsrətə son qoydu. Vətən müharibəsi bitdikdən sonra işğaldan azad olunmuş ərazilərimiz Prezidentin nəzarəti və tapşırığı ilə bərpa olunmağa başladı. Qısa müddət ərzində yenidənqurma və bərpa işləri aparıldı. Füzuli Beynəlxalq Hava Limanının tikintisi, avtomobil nəqliyyat yollarının, dəmiryolu xətlərinin bir neçə istiqamətdə çəkilməsi, infrastrukturun qurulması, bir sıra şəhərlərimizin baş planının təsdiqlənməsi, milli, mədəni tarixi abidələrimizin restavrasiyası kimi addımlar atıldı. Ölkə başçısının tapşırığı ilə görülən işlərin bir mərkəzdən idarə edilməsi üçün Əlaqələndirmə üzrə İşçi qrupu yaradılıb. Bu da layihələrin ardıcıllıqla həyata keçirilməsinə şərait yaradır".
Deputatın sözlərinə görə, müşavirənin Şuşada keçirilməsi heç də təsadüfi deyil:
"İstifadəyə verilmiş, tikintisi yekunlaşmamış obyektlərə baxış keçirildi. Görüləcək işlərin gələcək formatı müəyyənləşdi. Prezident 2022-ci ili "Şuşa ili" elan edib. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəridir. "Şuşa ili" çərçivəsində təsdiqlənmiş tədbirlər planına uyğun bir sıra beynəlxalq əhəmiyyətli, mədəni mərasimlərin keçirilməsi nəzərdə tutulur. Şuşa ölkəmiz üçün strateji məkandır. Belə iclasın keçirilməsi isə vacib məqamdır".