Brüssel görüşü: Yekun sülhə nail olunacaqmı? - ŞƏRH 





“Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində bizi daim dəstəklədiyinə görə Polşaya minnətdarıq. Bu proses indi sürətlə gedir və artıq Avropa İttifaqı tərəfindən elan edilmişdir ki, Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş nazirinin mənimlə yeni görüşü olacaqdır. Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

 Dövlət başçısı bildirib ki,münaqişə artıq öz həllini tapıb:

"Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə  məsələyə daha çox aydınlıq gətiriləcək”.

Brüssel görüşündən gözləntilərlə bağlı "Sherg.az"a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin sözlərinə görə, Ermənistan razılığa dair ismarışlar ötürür:

"Mühüm olan sərhədlərin aydınlaşması məsələsidir. Tərəflər ilkin razılaşmalara yaxındırlar. Paralel şəkildə isə Ermənistan müəyyən qüvvələrə arxalanaraq təxribata da gedir. Brüssel görüşündə nəticə kimi sülh müqaviləsi gözlənilmir. Amma artıq Avropa İttifaqı, ATƏT, Türkiyə, hətta Rusiyanın mövqeləri elə bir həddə çatıb ki, özəlliklə Türkiyə-Rusiya münasibətlərində Qarabağ məsələsi mütləq şəkildə həllini tapmalıdır. 

Fərrux yüksəkliyinin Azərbaycanın nəzarətinə keçməsi torpaqların qalan hissəsinin mərhələli formada azad ediləcəyinə əsaslar yaradır. 

Bunun qarşısını heç bir qüvvə ala bilməz. Ermənistan Qarabağ məsələsini qapadıb, orda rəsmiləşdirəcək. Bir növ problem formasında Rusiyayla Azərbaycanın, o cümlədən Qərbdəki ermənilərin üzərinə atır. Prezidentlərin görüşündə yol xəritəsi, konturların məlum olması mümkündür. 

Beləliklə də, Türkiyə ilə Ermənistan sərhədi açılsın, beynəlxalq hüququn prinsiplərini özündə əks etdirən Azərbaycanın təkliflərinə Ermənistan tərəfi “hə” desin. Görüşdə sülh müqaviləsi istiqamətində müsbət irəliləyişlər müşahidə ediləcək”.