Aprelin 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Turab Rzayev deyib ki, Azərbaycan XİN başçısı ilə Ermənistanlı həmkarının birbaşa əlaqə yaratması çox müsbət haldır:
"İki ölkə arasında təmaslar yaranıb. Daha çox Rusiya, son dönəmlər isə Avropa İttifaqı ( Aİ ) vasitəsilə təmaslar reallaşdırılırdı. Üçüncü tərəfin müdaxiləsi zamanı irəliləmə hiss etmirdik. Aİ-nin moderatorluğu ilə baş tutan görüşlər uğurludur. Əvvəlcə Zəngəzur dəhlizi ilə dəmiryolu, indiki görüşdə isə sərhədlərin müəyyənləşməsi məsələləri sülh prosesinə aparan yolun başlanğıcıdır. Ən azından Xarici İşlər Nazirlikləri sülh komissiyasının yaradılması qərarına gəlib. Artıq nazirlər münasibət yaratsa, bölgədə üçüncü tərəf iki ölkənin münaqişəsindən təxribat üçün yararlanmazlar. Ermənistanın yeganə nicat yolu Türkiyə və Azərbaycanla barışıb, sülh, əmin-amanlıq, iqtisadi əlaqələri bərpasıyla mehriban yaşamaqdır. Ermənistanın konstruktiv mövqeyə gəlməsi, nazirlərin telefonla danışacaq qədər əlaqələrin normallaşması gələcəkdə hər iki ölkənin Atlantik məkana, Avropa iqtisadi məkanına rahat inteqrasıyasına şərait yaradacaq. Erməni və Azərbaycan xalqının gələcəyi və rifahına görə ümid vəd edir. Gərək, Ermənistan onları Azərbaycan əleyhinə qızışdıran xarici qüvvələri tələsinə düşməsin. Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri qurmağa çalışsın".