"Şuşa dünya azərbaycanlılarını birləşdirən məkana çevrilir"

Zahid Oruc: "Əgər dünya azərbaycanlıları Şuşaya toplaşacaqsa, yüksək zirvədən, tribunadan verilən mesajlar da regional, qlobal olacaq, ölkə sərhədlərini aşacaq"

"Hamı orada “Şuşa andı”nı qəbul edəcək"

Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, qurultayın keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Qeyd olunub ki, qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər. 

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabatın verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır. 

Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Dünya Azərbaycanlılarının IV qurultayı Bakıda, 2016-cı ilin iyunun 3-4-də keçirilib. Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilib. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilib və ümummilli lider Heydər Əliyev Şuranın sədri seçilib. I qurultayda 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdi. Qurultayın ilk iş günündə ulu öndər Heydər Əliyev geniş nitq söyləmişdi. 

Ulu öndər dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi haqqında öz fikirlərini bəyan etmişdi. Bir məqamı da xatırladaq ki, 2002-ci ilin iyulun 5-də ulu öndər Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalayıb. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olub. Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. 

İctimaiyyət nümayəndələrinin fikrincə, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi çox mühüm qərardır. Çünki Şuşanın Azərbaycanın ictimai və siyasi həyatındakı əhəmiyyətli rolu tarixlə sübuta yetirilib. Şuşa təkcə özünün coğrafi unikallığı və siyasi mərkəz olması ilə deyil, şəhərdə dini, tarixi və mənəvi irsimizin nümunələrini özündə əks etdirməsi ilə də tarixi və mədəni əhəmiyyətə malikdir. Burada xalqımızın şairləri, musiqiçiləri, sənətkar və maarifçiləri yaşayıb-yaradıblar, mədəniyyətimizə öz töhfələrini veriblər. 

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Şərq”ə deyib ki, ulu öndər Heydər Əliyev, eləcə də Prezident İlham Əliyev tərəfindən dünyanın müxtəlif ərazilərində yaşayan soydaşlarımızın təşkilatlanması, ictimai-siyasi qüvvəyə çevrilməsi, milli dəyərləri qorumaları, Vətənlə əlaqələri hiss etmələri yönündə çox böyük işlər həyata keçirilib. Deputat vurğulayıb ki, strateji xətt olaraq xarici ölkələrdə yaşayan azərbaycanlıların yüz illər ərzində dünya çapında lobbiləşmiş ermənilərin fəaliyyətinə qarşı dirəniş göstərmək, siyasi-diplomatik və informasiya məkanında onların mövqelərinə zərbə vurmaq yönündə dövlət kursu reallaşdırılıb: 

“Bu fəaliyyət strateji mənada öz bəhrəsini verib. İkinci Qarabağ savaşında hərbi-siyasi və iqtisadi resurslarımızı səfərbər etmişdik. Bununla yanaşı, beynəlxalq aləmin təzyiqləri ilə də üzləşmədik. Açıq formada müharibəni haqq davamız adlandırmasalar da, bizimlə hesablaşdılar. Bu məqam beynəlxalq aləmdə qələbəmizin legitimliyinin qəbul edilməsində önəmli rol oynadı. Qələbəmizin davamı olaraq addımlar atılmalıdır. Şuşa təkcə mədəniyyət deyil, eyni zamanda siyasi paytaxtımıza, idarəçiliyin mühüm məkanına çevrilməkdədir. Əgər dünya azərbaycanlıları Şuşaya toplaşacaqsa, yüksək zirvədən, tribunadan verilən mesajlar da regional, qlobal olacaq, ölkə sərhədlərini aşacaq. Əminik ki, müxtəlif ölkələrdən Azərbaycana gələn insanlar orada öz sevinclərini, dövlətə, xalqa, orduya ehtiramlarını göstərəcəklər. Bununla bərabər hər biri öz qarşısına mühüm vəzifələr qoyacaq. Çünki buna həddindən artıq ehtiyacımız var. Doğrudur, biz möhtəşəm qələbəyə nail olduq və maksimum nəticələr əldə etdik. Ancaq qətiyyən “mübarizə bitib” düşüncəsinə qapılmamalıyıq. İdeoloji və siyasi mənada çox mühüm vəzifələr qarşımızdadır”. 

Z.Oruc vurğulayıb ki, Diaspora Komitəsi Vətən müharibəsi dönəmində, sonrakı dövrdə ölkə rəhbərinin verdiyi mühüm mesajların müvafiq ünvanlara çatdırılması yönündə vacib addımlar atıb: 

“Komitənin fəaliyyətini izləyirik və yüksək qiymətləndiririk. Uzun müddət Milli Məclisin üzvü olan Komitə sədri Fuad Muradov cənab Prezidentin prioritetlərini çox gözəl bilir. Şuşa dünya azərbaycanlılarını birləşdirən məkana çevrilir. İşğal dövründə zəif nöqtəmiz olan Şuşa artıq güclü nöqtəmizdir. Qarabağın gələcəyi, regionun sabahı, təhlükəsizliyimiz və bütövlüyümüz üçün bundan sonrakı proqramların tətbiqinə məhz Şuşadan başlanmalıdır. Ümidvaram ki, dünya azərbaycanlıları üçün “Şuşa gündəliyi”, “Şuşa vəzifələri” qəbul olunacaq və Azərbaycanın dövlət doktrinasına çevriləcək.

 İdarəçilik həyatımızda bu sənədə istinad olunacaq. O baxımdan parlament üzvləri kimi bu qərarı alqışlayırıq. Hesab edirik ki, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi xarici ölkələrdə yaşayan soydaşlarımızın düşmən qüvvələrin qarşısına daha güclü platforma ilə çıxmasına imkan yaradacaq. Sonrakı dönəmdə dünyada yaşayan on milyonlarla azərbaycanlı üçün ən mühüm vəzifə Qarabağı, Şuşanı ziyarət etmək olacaq. 

Hamı orada “Şuşa andı”nı qəbul edəcək. Çox arzulayardım ki, orada Şuşa bəyannaməsinin, yaxud dövlət konsepsiyasının qəbulu baş versin”.