“Tərtər soyqırımı”!Yeni detallar: “Əmr verənlər tutulmalıdırlar” - Rusiyanın “əl izi”!

 Kamil Musəvi: “Əmr verən kimsə olub, onu tapmaq lazımdır. Niyə əmr verdiyini bilməliyik”

“Əsl səbəbkarlar tapılanda bu işə son qoyulacaq. Hesab edirəm ki, başımıza nə gəlibsə, hamısının altında Rusiyanın “əli” var”

“Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı üzə çıxan yeni detallarla əlaqədar həbs olunanlar arasında ən yüksək rütbəli şəxs Niftəliyev Rəşid Ağaşərif oğludur. Məlumata görə, rütbəsi polkovnik-leytenant olan Rəşid Niftəliyev N saylı hərbi hissənin komandiri olub. O, daha öncə Qərargah rəisi vəzifəsində də çalışıb.
R.Niftəliyev 2019-cu ildə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Bundan əlavə, Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, R.Niftəliyevin də istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.


Mövcud proseslə bağlı “Sherg.aza açıqlama verən Qarabağ qazisi Kamil Musəvi bu işin əsl səbəbkarlarının tapılmasının vacibliyindən bəhs edib:

"Tərtər işi" ilə bağlı istintaqın yenidən başladılması müsbət addımdır. Xalqa qaranlıq qalan, insanların övladlarının haqsız yerə öldürüldüyünü əks etdirən müəmmalı bir mövzudur. Həbs edilənlərin kimliyi haqqında məlumat oxudum. Yoldaşların hər biri hadisə zamanı işgəncə verən tərəf kimi müəyyən ediliblər. Əvvəlcə hərbçi kimi analiz etdim ki, onların içərisində tanıdıqlarım da var. Hərəsi bir yerdə xidmət edir. Məsələn, 1-ci Ordu Korpusunda fəaliyyət göstəriblər. Amma fərqli briqadalarda yerləşirdilər. Bu briqadalardan Mingəçevirə gəlib öz başlarına işgəncə veriblər? Əmr verən kimsə olub, onu tapmaq lazımdır. Niyə əmr verdiyini bilməliyik. Həmin dönəmdə ümumi proses formasında şişirtdilər ki, ordumuzda düşmənə xidmət göstərən casuslar var. Təbii ki, bunu da araşdıran hər hansı hərbçi deyil. Dövlət Təhlükəsizliyi Xidməti bu səlahiyyəti daşıyır. "Tərtər hadisələri" zamanı bu qurum açıqlama verdi ki, casuslar var”.

Qarabağ qazisi vurğulayıb ki, hərbçilərin əmrə tabe olaraq kimisə döyməsi normaldır:

“İnanıram ki, hansı Azərbaycan oğlunun qarşısına  kimisə erməninin xeyrinə işlədiyini deyərək çıxartsaydılar, onu döyər, söyər və ya işgəncə verərdilər. Çünki hərbçilərin çoxu vətənpərvərdir, xəyanəti bağışlamırlar. Kim olsaydı, bu addımı atardı. Amma onlara bu komandanı kim verib, o tapılmalıdır. İstintaqa cəlb edilənlərin vəzifəsi maxe, gizir və s. olub. 

Onlar əmrə riayət ediblər. Təbii ki, hərbçilər də həmin an bunu araşdıra bilməzlər. Ölkə səviyyəsində bu proses yüksək səviyyədə işləyir. Təsdiq etdilər ki, ordu daxilində düşmənə xidmət edənlər var. Bəraət alanlar oldu, günahsız yerə öldürüldüyü sübut edilənlər oldu. Deməli, həmin hadisə xəyanət yönümlüdür. 

Əsl səbəbkarlar tapılanda bu işə son qoyulacaq. Hesab edirəm ki, başımıza nə gəlibsə, hamısının altında Rusiyanın “əli” var. Bu hadisəni də kiçik soyqırım kimi qəbul etmək olar. Araşdırılsa, "Rusiya amili” özünü büruzə verər”.