Azərbaycan-Qırğızıstan strateji əməkdaşlığı:“Türk Dünyası anlayır ki, təhlükəsizlik çətiri Türk Dünyasıdır”

Aprelin 20-də Bakıda geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. “Sherg.az” xəbər verir ki, “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar. “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar.

Tam mətn bu linkdə...

Səfəri və imzalanan sənədlərin əhəmiyyətini “Sherg.az”a şərh edən politoloq Natiq Miri bildirib ki, son zamanlarTürk Dünyasının inteqrasiya hadisəsində hərəkətlilik müşahidə olunur:

“Əlbəttə, bu, Türkiyə və Azərbaycanın həmin məsələdə avanqard rolu ilə bilavasitə bağlıdır. Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Özbəkistana səfər edib. Bu proses davamlı olaraq artıq inkişaf etdirilib. Yəni bir tərəfdə rəsmi Ankara, digər tərəfdə rəsmi Bakı Türk dünyası ilə münasibətlər sistemini yenidən qardaşlıq səviyyəsində qurmaqla gələcəkdəki inteqrasiyanı stimullaşdırırlar. Əlbəttə ki, Qırğızıstan liderinin dövlətimizə səfəri çox əhəmiyyətlidir. Strateji əməkdaşlıq yönündə artıq bəyannamə qəbul olundu. Hökümətlərarası Komissiya yaradılıb. Yaxın zaman çərçivəsində bu qurumun toplantı keçirəcəyi bəllidir. Həmçinin Dövlətlərarası Şura təşkil olunub. Sözügedən siyasi hadisələr ölkələrimizin məhsuldar qüvvələrinin inkişafını daha da gücləndirəcək. Bu, siyasi, iqtisadi, siyasi və gələcək perspektivdə hərbi inteqrasiyanı möhkəmləndirəcək”.

Politoloq izah edib ki, birlik təkcə Qırğızıstan-Azərbaycan arasındakı münasibətlər sistemini əhatə etmir:

“Bu, Özbəkistan və Qazaxıstanda da eyni hədəfləri özündə ehtiva edir. Müsbət hadisələrdir. Artıq bütün Türk Dünyası anlayır ki, təhlükəsizlik çətiri Rusiyanın nəzarətində deyil. 

Bu, bütün türk toplumlarının və xalqlarının bütövlüyündən keçir. Suriyada, Liviyada, Qarabağda və Ukraynada baş verən hadisələr göstərir ki, doğrudan da, vicdanlı bir qurumun çətiri altında olmalıdır. 

O da, başda qardaş ölkə olmaqla Türk Dünyasıdır. Bunun işartılarını artıq hiss etməkdəyik”.