Meksika səfiri: “Azərbaycan və Sakit okean alyansı ölkələrinin əməkdaşlığı inkişaf edir”

"Aradakı böyük məsafəyə baxmayaraq, Azərbaycan və Sakit okean alyansı ölkələri arasında əməkdaşlıq uğurla inkişaf edir".

“Report” xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Sakit okean: Azərbaycan və Latın Amerikası ölkələri arasında əlaqələndirici rolu oynayan Sakit okean alyansı” mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.

Onun sözlərinə görə, inteqrasiya və qarşılıqlı fayda kəsb edən əməkdaşlıq prinsipləri üzərində qurulmuş Sakit okean alyansı Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır: “Ölkənin çox böyük potensialı var. Cənubi Qafqazın ÜMD-nin 75%-i Azərbaycanın payına düşür. Ölkənin Xəzər regionuna qapı rolu oynaması, xüsusilə də ticarət, investisiya və turizm sahəsində böyük imkanlar yaradır”.

Səfir 2017-ci ildə Azərbaycanın Meksikada səfirliyinin açılması ilə Sakit okean alyansı ölkələri ilə ticarətdə artımın baş verdiyini bildirib.

Xatırladaq ki, ticarət bloku olan Sakit okean alyansına 4 Latın Amerikası ölkəsi – Meksika, Peru, Çili və Kolumbiya daxildir. Azərbaycan təşkilatda müşahidəçi qismində təmsil olunur.

Ötən ilin dekabr ayında Sakit okean alyansının Bakıda ofisi açılıb.