Dövlət başçısı: "44 gün ərzində əldə etdiyimiz qələbəmiz bir çoxları üçün gözlənilməz idi"

“Biz müharibəni də ləyaqətlə aparmışıq, postmüharibə dövründə də özümüzü ləyaqətlə aparırıq və postmünaqişə dövrünün nəticələri haqqında danışmaq olar. Bizim 44 gün ərzində əldə etdiyimiz qələbəmiz bir çoxları üçün gözlənilməz idi”.

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

“Hərbi ekspertlər, siyasətçilər, bu məsələ ilə məşğul olan müxtəlif təşkilatların nümayəndələri həmişə bizə deyirdilər ki, bu müharibəni Azərbaycan uda bilməz. Çünki Ermənistan 30 il ərzində işğal edilmiş ərazilərdə istehkamlar qurmuşdu, müdafiə xətləri qurmuşdu, eyni zamanda Qarabağın təbii relyefi elədir ki, torpaqları azad etmək çətin olacaq, çoxlu itkilər olacaq. Ancaq nəticədə bütün bu fərziyyələr demək olar ki, etibarsız oldu.

Onlar bir məsələni diqqətdən kənarda qoymuşdu – bu da Azərbaycan xalıqının əzmini, Azərbaycan əsgərinin gücünü, Vətən sevgisini. Düzdür bəzi yerlərdə 6, bəzi yerlərdə 5 müdafiə xətti qurulmuşdu. İstehkamlar qurulmuşdu, tikanlı məftillər və s. Bölgənin coğrafi mövqeyi bizim üçün əlverişsiz idi. Bütün bunlara baxmayaraq az itki verməklə, Ermənistan ordusundan 2-3 dəfə az itki verməklə tarixi missiyamızı yerinə yetirdik və son nöqtəni burada tarixi şəhərimizdə qoyduq. Bu gün Şuşaya gələn insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir”, - Prezident qeyd edib.